...

Azərbaycanın ABŞ-dakı səfiri Konqresin ermənipərəst üzvlərinə faktlarla cavab verib

Siyasət Materials 13 Yanvar 2006 14:26 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev Konqresdə erməni məsələləri üzrə işçi qrupunun həmsədrləri Co Nollenberq və Frenk Pallonenin növbəti qərəzli ermənipərəst bəyanatlarına cavab yazıb. Trend "Azərtac"a istinadən xəbər verir ki, ötən ay bu konqresmenlər məktub yazaraq, belə bir cəfəngiyat irəli sürmüşdülər ki, guya Azərbaycan hökuməti Naxçıvan MR-in Culfa şəhərindəki orta əsrlərə aid erməni qəbiristanlığındakı daşları (xaçkarları) qəsdən dağıtmaqdadır. Konqresmenlər bu ittihamlarında ermənilərin çəkdiyi videokadrlara istinad edirdi.

Hafiz Paşayev ABŞ Konqresi üzvlərinin bu məlumatın mənbəyini yoxlamadıqlarından təəssüfləndiyini bildirıb. Səfir qeyd edib ki, konqresmenlərin məktubunda əsas kimi götürülən videogörüntüdə bir sıra naməlum şəxslərin hansısa orta ölçülü daşları dağıtdığı göstərilir. Daşlarda nə gözəçarpan xaç işarələri, nə də onları dağıdanların müəyyən millətə məxsusluğu görünür. Belə videogörüntüyə əsasən, istənilən şəxsə qarşı istənilən ittiham sürülə bilər. Azərbaycanın Müdafiə Nazirliyi rəsmi olaraq bu ittihamları rədd edib.

Diplomat xatırladıb ki, Azərbaycan minilliklərdən bəri, erməni mənşəyi də daxil olmaqla, zəngin etnik və tarixi irsə söykənən cəmiyyətdir. Bu gün Azərbaycanda 30 min nəfərə yaxın erməni yaşayır. Ölkəmiz ərazisindəki minlərlə tarixi, mədəniyyət və memarlıq abidəsinin qorunmasına böyük əhəmiyyət verir. Ermənistan isə zəbt etdiyi Azərbaycan torpaqlarında tarixi və mədəniyyət abidələrinin yerlə-yeksan edilməsini siyasətinin tərkib hissəsinə çevirib. İşğal edilmiş Azərbaycan torpaqlarında ermənilərin qanunsuz məskunlaşmasını araşdıran ATƏT-in missiyası da bunu təsdiqləyib. Səfir bəyan edib ki, birinci dəfə deyil ki, erməni tərəfi əsassız ittihamlar irəli sürərək, işğal etdiyi Azərbaycan ərazilərində həyata keçirdiyi qırğınlardan diqqəti yayındırmağa çalışır.

Azərbaycan diplomatı konqresmenlərə müraciətində qeyd edib ki, tarixi və mədəni irsə aid abidələrin qorunub saxlanması barədə onların narahatlıqlarını bölüşür və ümid edir ki, ermənilərin dağıdıcı vəhşiliyi haqqında Amerika qanunvericilərinə təqdim etdiyi faktlar onlarda maraq doğuracaqdır. Belə faktlardan bəzilərini səfir Paşayev məktubunda sadalayır: Ermənilər Azərbaycana aid tarixi və mədəniyyət abidələrini dağıtmaq istiqamətində apardıqları davamlı siyasət nəticəsində İrəvan xanlığında 1587 məscid və 23 mədrəsəni, Zəngəzur və Eçmiədzin bölgələrində 830 məscid və 1394 mədrəsəni, Ermənsitan ərazisində 500-dən artıq qəbiristanlığımızı tamamilə dağıdıb, yaxud anbara və zirzəmiyə çeviriblər.

Kəlbəcərin tarix muzeyi və onun bütün eksponatları, Şuşanın, Ağdamın tarix muzeyləri, Zəngilandakı daş abidələr muzeyi dağıdılıb, Şuşadakı XIIII əsrə aid ikiminarəli Gövhər Ağa məscidi zədələnib, işğal edilmiş ərazilərdəki digər məscidlər də dağıdılıb və yandırılıb. Erməni vəhşiliyi nəticəsində Xocalıda tunc dövrünə aid tarixi abidə yox edilib, zəbt edilən ərazilərdə qiymətli kitablar və əlyazmalar oğurlanıb, 969 kitabxana, 85 uşaq musiqi məktəbi, 4 teatr, 4 incəsənət qalereyası, 2 konsert salonu, 1852 mədəniyyət və incəsənət mərkəzi yerlə-yeksan olunub.

Səfir Hafiz Paşayev bu faktlara cavab olaraq konqresmenlərin münasibətini gözləyir.

Xəbər lenti

Xəbər lenti