...

Gəncədə ev quşlarının kütləvi şəkildə tələf olmasının səbəbi pullurioz xəstəliyidir

Siyasət Materials 16 Yanvar 2006 16:12 (UTC +04:00)

Gəncədə kütləvi şəkildə quşların tələf olması əhali arasında güclü ajotaj yaradıb. Bəzi qəsəbələrdə bundan qorxuya düşən əhali məhəllələrdə olan ev quşlarını məhv etməyə başlayıb.

Artıq bir neçə gündür ki, şəhərin ayrı-ayrı ərazilərində - Bağmanlar, Sevinc və Natəvan qəsəbələrində sakinlərin həyətində olan toyuq və hindquşular qırılmağa başlayıb. Elə həyət var ki, xəstəlik nəticəsində bir gecədə 40-50 quş məhv olub. Sevinc qəsəbəsi sakinlərinin söylədiyinə görə, əvvəlcə quşların dimdiyinin göyərməsi hiss olunur. Sonra isə onlar süstləşir və ölür. Yerli mütəxəssislər əvvəlcə hesab ediblər ki, bu çoxdan bəri mövcud olan çuma xəstəliyidir. Sonradan aparılan təhlildə isə onlar müşahidə etdikləri xəstəlik əlamətlərini əsas tutaraq bu xəstəliyi "quş qripi" adlandırmaqdan çəkinməyib.

Lakin bu gün Gəncə Baytarlıq İdarəsi ölən quşların qanından həm Xanlar Zona Baytarlıq laboratoriyasına, həm də Respublika Baytarlıq laboratoriyasına təhlillər göndərib. Və təhlillərin nəticəsini bizə açıqlaıb. Belə ki, Gəncə zonasında ev quşlarının məhv olmasına səbəb pullurioz xəstəliyidir. Quşların bağırsağında olan bu xəstəlik yuxarıda göstərilən əlamətlərlə müşahidə olunur. Gəncə Baytarlıq İdarəsinin rəisi Hüseyn Abbasov xəstəliyin qarşısını almaq məqsədilə vaksinlərin şəhərə gətiriləcəyini bildirdi. Nəzərdə tutulan vaksinlər ərazilərdə olan təxminən 20 000 ev quşuna vurulacaq və bu da Gəncə sakinlərini təşvişə salan quş ölümünün qarşısını alacaq.

Xəbər lenti

Xəbər lenti