...

YAP-la Türkiyənin ƏKP arasında əlaqələrin gələcək perspektivləri ilə bağlı razılaşma əldə edilib

Siyasət Materials 23 Yanvar 2006 13:49 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) və Türkiyənin hakim Ədalət və Kalkınma Partiyası (ƏKP) arasında əlaqələrin gələcək perspektivlərinə dair razılaşma əldə edilib. Trend xəbər verir ki, razılaşma ƏKP-nin dəvəti ilə YAP nümayəndələrinin Türkiyəyə yanvarın 16-dan 20-dək səfəri çərçivəsində əldə edilib.

Onu da bildirək ki, YAP nümayəndə heyətinə partiya sədrinin müavini və icraçı katibi, millət vəkili Əli Əhmədov, icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Siyasi Şuranın üzvü, millət vəkili Məlahət Həsənova və Gənclər Birliyinin sədri Ramil Həsənov daxil idi.

YAP nümayəndə heyəti ilə görüşünü ƏKP-nin mərkəzi qərargahında Türkiyənin baş naziri, ƏKP sədri Rəcəb Tayyib Ərdoğanla keçirib. Baş nazir partiyalararası əlaqələrin və əməkdaşlığın ayrı-ayrı istiqamətlər üzrə intensivləşdirilməsini tövsiyə edib. YAP nümayəndə heyəti eyni zamanda ƏKP-nin Türkiyə Böyük Millət Məclisindəki məclis qrupunun toplantısında da iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyətimiz ƏKP sədr müavinləri millət vəkilləri Necati Çətinkaya, Şaban Dişli, Dengir Mir Mehmet Fırat, partiyanın Gənclər Təşkilatının rəhbəri Hakan Tütünçü, qadın təşkilatının rəhbəri Selma Kavafının iştirakı ilə keçirilmiş görüşlərdə partiyalararası əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparıb. YAP nümayəndə heyəti səfər gedişində Azərbaycanın Türkiyədəki səfirliyinin 20 Yanvar hadisələri ilə əlaqədar keçirdiyi anma mərasimində iştirak edib.

Xəbər lenti

Xəbər lenti