...

Səfər Əbiyev: "Rusiya-Ermənistan birgə təlimlərinin keçirilməsi bizi çox narahat edir"

Siyasət Materials 24 Yanvar 2006 18:23 (UTC +04:00)

Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində kulli miqdarda hərbi texnikanın, silah və sursatın toplanması, Gürcüstanda yerləşən Rusiya hərbi bazalarından çıxarılan əmlakın Ermənistan ərazisində yerləşdirilməsi və Rusiya-Ermənistan birgə təlimlərinin keçirilməsi bizi çox narahat edir. Trend xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu sözləri Rusiyanın müdafiə naziri Sergey İvanovla görüşündə müdafiə naziri general-polkovnik Səfər Əbiyev söyləyib.

S.Əbiyev Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində bütün infrastrukturunun dağıdıldığını, məhv edildiyini və bu nəzarətsiz bölgədən qeyri-qanuni məqsədlər üçün istifadə edildiyini qonağın nəzərinə çatdırıb. "Ermənistan buna görə cavab verəcəkdir. Əgər Ermənistan beynəlxalq hüquq normalarına riayət edərək, işğal olunmuş əraziləri boşaltmasa Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində müvafiq addımlar atacaqdır".

Nazir təəssüflə qeyd edib ki, bu günə kimi Müstəqil Dövlətlər Birliyi Ermənistanın işğalçı dövlət olduğuna münasibət bildirməyib, Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi istiqamətində əməli addımlar atmayıb.

Görüş zamanı tərəflər beynəlxalq və regional təhlükəsizlik, terrorizm, ikitərəfli hərbi əməkdaşlığın istiqamətləri, hərbi kadrların hazırlanması sahəsində gələcək əməkdaşlıq, Qəbələ RLS-in fəaliyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti