...

Bakıda "İslam və gənclik: təhsil, elm və maarif" mövzusunda konfrans keçirilir

Siyasət Materials 1 Mart 2006 13:43 (UTC +04:00)
Bakıda "İslam və gənclik: təhsil, elm və maarif" mövzusunda konfrans keçirilir

Martın 1-də Bakıda "İslam və gənclik: təhsil, elm və maarif" mövzusunda Beynəlxalq konfrans keçirilir. Trend bildirir ki, konfransın təşkilatçıları Azərbaycanın təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Kuveyt dövlət fondları və islam işləri Nazirliyidir.

Təhsil naziri Misir Mərdanov konfransı açaraq bəyan edib ki, Azərbaycan müsəlman dünyasının ayrılmaz hissəsidir. O, qeyd edib ki, islam dəyərləri Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşdırılmasında müstəsna rol oynayır. Nazir deyib ki, Azərbaycan tolerant dövlət olaraq sivil və demokratik dəyərlərə böyük hörmətlə yanaşır. O, həm də bəyan edib ki, bu ölkənin əhalisinə hər hansı bir dini yaxud dini cərəyanı zorla tətbiq etmək yolverilməzdir.

Onun sözlərinə görə, bugünkü konfrans müsəlman dünyası üçün narahat olan bir vaxtda keçirilir. Nazir ümid etdiyini bildirib ki, görkəmli alimlərin, bir sıra müsəlman ölkələrini təmsil edən dövlət xadimlərinin iştirakı ilə keçirilən müzakirələrdə islam dəyərləri, eləcə də gənclərin terrorizm və ekstremizm kimi mənfi təzahürlərdən uzaqlaşdırılması çərçivəsində onların maarifləndirilməsi yolları öz əksini tapacaq. Konfransda həmçinin Azərbaycanın dövlət müşaviri Hidayət Orucov çıxış edərək bəyan edib ki, milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin bir hissəsidir və bu siyasət bundan sonra da davam etdiriləcək.

İslam Konfransı Təşkilatının (İKT) baş katibi Əkmələddin İhsanoğlu, Kuveytin dövlət fondları və islam işləri naziri Adil Əl-Filah, Türkiyə parlamenti təhsil komissiyasının sədri Təyyar Altınqulac və müsəlman dünyasının bir sıra tanınmış alimlərinin iştirakı ilə keçirilən konfransda islamda kompromis, dini təhsilə yeni baxış, ekstremizmdən müdafiə, qloballaşma və müsəlman gənci məsələləri kimi mövzularla bağlı müzakirələr aparılıb.

Konfrans iştirakçıları belə bir konfransın keçirilməsinin mühüm əhəmiyyətini qeyd edib və ümid ediblər ki, konfrans bu çərçivədə qoyulmuş məsələləri həll edəcək.

Xəbər lenti

Xəbər lenti