...

Arif Məmmədov: "Brüsseldə Azərbaycanla Avropa Qonşuluq Siyasəti üzrə fəaliyyət Planının son variantı təsdiqlənəcək"

Siyasət Materials 2 Mart 2006 16:00 (UTC +04:00)

Martın 7-də Brüsseldə Azərbaycan və Avropa Birliyi arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət Planının son variantı müzakirə olunacaq. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Belçikadakı səfiri Arif Məmmədov məlumat verib.

Onun sözlərinə görə, məsləhətləşmələrdə Azərbaycan tərəfinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov rəhbərlik edəcək.

A.Məmmədov xatırladıb ki, əvvəlcə AB AQS çərçivəsində fəaliyyət Planının layihəsini təklif edib və Azərbaycan tərəfi öz düzəlişlərini edib. Daha sonra AB cavab ünvanlayıb. "Martın 7-də birgə variantı müzakirə edəcəyik və əgər bütün məsələləri razılaşdırsaq, düşünürəm ki, yaz ərzində sənəd AB-yə üzv olan 25 ölkə tərəfindən təsdiqlənməsi üçün razılaşdırılacaq", - deyə səfir qeyd edib. O bildirib ki, AB-Azərbaycan əməkdaşlıq Şurasının sentyabr-oktyabr aylarında keçiriləcək növbəti iclasında sənəd artıq təsdiqlənərək qüvvəyə minəcək.

Xatırladaq ki, 2005-ci il dekabrın 12-də Bakıda Azərbaycan və AB arasında AQS çərçivəsində Fəaliyyət Planının müzakirələrinə rəsmi start verilmiş və Avropa Komissiyasının Şərqi Avropa, Cənubi Qafqaz və Orta Asiya ofisinin rəisi Yuq Minqarelli Bakıya gəlmişdir.

Xəbər lenti

Xəbər lenti