...

Asim Mollazadə: "Partiyaların dövlət tərəfindən maliyyələşməsi Azərbaycanda demokratik siyasi sistemin formalaşmasını sürətləndirə bilər"

Siyasət Materials 3 Mart 2006 12:24 (UTC +04:00)

"Azərbaycanda siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi ölkədə demokratik siyasi sistemin formalaşması prosesini sürətləndirə bilər". Bu fikirləri Trend ə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə bildirib.

O qeyd edib ki, siyasi partiyaların əsas maliyyə mənbəyinin məhz onun fəaliyyət göstərdiyi dövlət olması məqsədəuyğundur. Buna görə də əvvəlcə partiyalara müəyyən məbləğdə maliyyə vəsaiti ayrılmalıdır. A.Mollazadə hesab edir ki, bununla əlaqədar həm dövlət, həm də parlamentdə təmsil olunan siyasi partiyalar tərəfindən müvafiq fondlar da yaradıla bilər. Bu fondlar eyni zamanda daimi şəkildə ictimaiyyəti məlumatlandırmaqla məşğul olmalıdır: "Həmin fondlar ölkədə siyasi ideyaların təbliği, iqtisadi, siyasi, sosial sistemlərin qurulması yönündə ictimaiyyəti maarifləndirməlidir. Həmçinin, beynəlxalq təşkilatlarda təmsilçilik, xarici əlaqələrin qurulması yönündə də sözügedən fondlar fəaliyyət göstərə bilər"-deyə A.Mollazadə qeyd edib.

Millət vəkili onu da bildirib ki, həmin təcrübədən hal-hazırda Almaniyada, Fransada istifadə olunur. Bu ölkələrdə dövlət qurumları və parlamentdə təmsil olunan partiyalar müvafiq fondlar yaradır.

DİP sədrinin fikrincə, Azərbaycanda siyasi partiyaların dövlət hesabına maliyyələşdirilməsi mexanizmi müəyyən olunarkən partiyaların seçkilərdə qazandığı səslər də nəzərə alına bilər.

Xəbər lenti

Xəbər lenti