...

Nizami Bəhmənov: "Koçaryanın Dağlıq Qarabağdakı separatçı rejimi "de-yure" tanıyacağı barədə bəyanatı növbəti dəfə özünü göstərmək cəhdidir"

Siyasət Materials 3 Mart 2006 19:19 (UTC +04:00)
Nizami Bəhmənov: "Koçaryanın Dağlıq Qarabağdakı separatçı rejimi "de-yure" tanıyacağı barədə bəyanatı növbəti dəfə özünü göstərmək cəhdidir"

"Robert Koçaryanın Dağlıq Qarabağdakı separatçı rejimi guya "de-yure" tanıyacağı barədə bəyanatını ciddi qəbul etmirəm. Çünki bu addım növbəti dəfə onun özünü göstərmək cəhdidir". Bu fikirləri Trend ə açıqlamasında Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənov bildirib.

Qeyd edək ki, Ermənistan prezidenti Robert Koçaryan Dağlıq Qarabağın separatçı rejiminin müstəqilliyini "de-yure" tanıya biləcəyi barədə açıqlama verib. Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri onun bu bəyanatına münasibətini bildirərkən deyib ki, Ermənistan prezidenti yenə də öz ampluasındadır: "Azərbaycanın rəsmi şəxsləri, hətta ABŞ səfiri də Koçaryanın açıqlaması ilə bağlı öz fikirlərini bildiriblər. Mən hesab edirəm ki, Robert Koçaryan Azərbaycanın qəti mövqeyini yaxşı bilir və başa düşür ki, Azərbaycan heç vaxt ərazi bütövlüyü məsələsində güzəştə getməyəcək. Prezident İlham Əliyevin də dəfələrlə söylədiyi kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsi ümumiyyətlə danışıqların predmeti deyil. Robert Koçaryan isə Dağlıq Qarabağdakı separatçı rejimi "de-yure" tanıyacağı barədə dəfələrlə bəyanat verib. O, bunu etmək istəsəydi, indiyə kimi edərdi. Bu addımı atması əslində danışıqlarda hansısa irəliləyişə nail olmaqla nəticələnməyəcək. Əksinə, separatçı rejimin tanınması regionda müharibənin başlanması deməkdir"-deyə Nizami Bəhmənov vurğulayıb.

O, əlavə edib ki, Ermənistanın deyil, əksinə, Azərbaycanın mövqeyi budur ki, ərazi bütövlüyümüz danışıqlar yolu ilə bərpa edilməsə, başqa yollarla buna nail olunacaq. Çünki məhz Azərbaycan işğala məruz qalıb, torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Xəbər lenti

Xəbər lenti