...

Baş prokurorluq "Barmek-Azərbaycan Elektrik Şəbəkəsi"ndə yol verilmiş qanun pozuntuları ilə əlaqədar cinayət işi açıb

Siyasət Materials 3 Mart 2006 21:19 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən "Barmek-Azərbaycan Elektrik Şəbəkəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) fəaliyyəti üzrə Maliyyə, Iergilər, İqtisadi İnkişaf, Sənaye və Energetika nazirliklərinin və Auditorlar Palatası mütəxəssislərini cəlb etməklə aparılan araşdırma tamamlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən Trend ə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, İqtisadi İnkişaf Nazirliyi (İİN) və "Barmek Holdinq A.Ş." şirkəti arasında bağlanmış 13 oktyabr 2001-ci il tarixli müqaviləyə əsasən, "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin idarə edilməsi və işlədilməsi hüququ 25 il müddətinə şirkətə verilib. Müqavilə şərtlərinə görə, Azərbaycan tərəfinin üzərinə düşən vəzifələrin tam və dürüst icrasının məsuliyyəti isə İİN-in üzərinə qoyulub.

Müqavilənin icrası ilə əlaqədar vəzifələri yerinə yetirərkən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, özünün şəxsi kommersiya fəaliyyətini həyata keçirən "Sahni Sinkx Taranjit"in təmsil etdiyi Böyük Britaniya və Şimali İrlandiya Krallığının "Svodkrest Limited" şirkətinin, bu Müqavilənin 9.1.1.13-cü maddəsinə müvafiq olaraq təsis ediləcək Törəmə Müəssisəsinə qanunsuz olaraq bərabər paylı şərik edilməsi barədə "Barmek Holdinq A.Ş." şirkətinin sədri Hüseyn Arabulla sövdələşərək iş birliyi yaratmağa dair razılığa gəlib. Bu məqsədlə, H. Arabul müqavilə şərtlərini pozub, törəmə müəssisəsinin "Barmek Holdinq A.S." şirkətinin birbaşa və ya dolayı yolla nəzarəti altında olan qurum kimi nəzərdə tutulmasına baxmayaraq 11 dekabr 2001-ci il tarixdə payları "Barmek Holdinq A.S." və "Svodkrest Limited" şirkətləri arasında bərabər bölünmüş ortaq "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC təsis edib.

"Sahni Sinkx Taranjit" formal olaraq "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin İdarə Heyətinin üzvü olsa da, faktiki olaraq nə o, nə də "Svodkrest Limited" şirkətinin hər hansı başqa təmsilçisi, cəmiyyətin öhdəliklərinin icrası üzrə heç bir fəaliyyət göstərməyib, 2005-ci il aprelin 20-dən isə "Sahni Sinkx Taranjit" rəsmi olaraq təmsil etdiyi "Svodkrest Limited" şirkətinin də direktorluğunu Hüseyn Arabula təhvil verib.

Buna baxmayaraq 2002-2004 və 2005-ci ilin 1-ci rübü ərzində heç bir əsas olmadan guya cəmiyyətə məsləhət xidmətləri göstərilməsinə dair saxta sənədləşmə aparmaqla "Svordkrest Limited" şirkətinə 2,8 milyard manat hesablanıb ödənilərək cəmiyyətin külli miqdarda pul vəsaiti talan edilib.

Bundan başqa, Fərhad Əliyev müqavilədə birbaşa göstərilməsinə baxmayaraq faktiki olaraq rəhbərlik etdiyi nazirliyin müvafiq qurumlarını kontragent tərəfindən müqavilə üzrə öhdəliklərin, o cümlədən, aktivlərin yenidən qurulması, yeni aktivlərin yaradılması, şəbəkənin inkişafı, idarəetmənin təkmilləşdirilməsi üzrə investisiya proqramının icrasına nəzarətdən kənarlaşdırıb. Belə şəraitdə "Barmek" müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam və ya qismən yerinə yetirməyib, onun bəzi vəzifəli şəxsləri isə cinayət xarakterli əməllər törədib, tamah məqsədilə qulluq səlahiyyətlərindən sui-istifadə edib, sahibsiz və ya yararsızlığına görə istismardan çıxarılmış köhnə avadanlıqları xırda təmirdən sonra təzə kimi balansa mədaxil etməklə, eləcə də işlərin görülməsinə dair sənədləri saxtalaşdırmaqla, külli miqdarda pul vəsaitlərini talan edib, satınalmalar, şəbəkəyə qoşulmalar və enerji satışı zamanı ciddi maliyyə pozuntularına və korrupsiya hallarına yol veriblər.

Azərbaycan Baş Prokurorluğunda maliyyə və enerji nəzarəti orqanları mütəxəssislərinin iştirakı ilə aparılmış araşdırmalarla müəyyən edilib ki, "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC fəaliyyət göstərdiyi dövr ərzində elektrik avadanlıqları, mal-materiallar və görülmüş tikinti-quraşdırma işləri şişirdilmiş qiymətlərlə aparılmaqla, pul vəsaitləri talan edilib, satılmış elektrik enerjisinin dəyərinin uçotunda və toplanmasında ciddi maliyyə pozuntularına yol verilib, qanunsuz sövdələşmələr əsasında böyük enerji tutumlu obyektlərin enerji sərfi bilərəkdən azaldılaraq abonentlərdən əlavə pullar yığılıb mənimsənilib.

Göstərilən faktlar üzrə Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadəyə, vəzifə saxtakarlığına və özgə əmlakını külli miqdarda talamaya görə məsuliyyət müəyyən edən 308.1, 313 və 179.3.2-ci maddələri ilə cinayət işi başlanıb və işin istintaqı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə tapşırılıb.

Xəbər lenti

Xəbər lenti