...

Novruz Məmmədov: "Azərbaycan prezidentinin Yaponi yaya səfəri çox böyük əhəmiyyət kəsb edir"

Siyasət Materials 6 Mart 2006 14:16 (UTC +04:00)

Bu yaxınlarda Azərbaycan prezidentinin Yaponiyaya rəsmi səfəri həm dövlətlərarası, həm də parlamentlərarası münasibətlər baxımından əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycan prezidentinin icra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İlham Əliyevin martın 7-də Tokioya başlayacaq səfərini şərh edərkən məlumat verib.

"Azərbaycan və Yaponiya arasında münasibətlər inkişaf edir. Siyasi dialoq yüksək, iqtisadi əməkdaşlıq isə hər iki tərəfin maraqlarına cavab verəcək səviyyədədir. Bu ikitərəfli və eyni zamanda çoxşaxəli münasibətlərin inkişafı üçün İ.Əliyev Yaponiyanın baş nazirinin dəvəti ilə bu ölkəyə rəsmi səfər edəcək. Səfərdə məqsəd bütün sahələrdə bu münasibətlərin daha da inkişafı ilə bağlı məsələlərin nəzərdən keçirilməsidir", - deyə N.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti səfər zamanı imperator və baş nazirlə, o cümlədən digər şəxslərlə çoxsaylı görüşlər keçirəcək. Bu görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.

İ.Əliyev Yaponiyanın iri şirkətlərinin, o cümlədən Itochu, Inpex-in rəhbərləri, Beynəlxalq əməkdaşlıq üzrə beynəlxalq agentliyin prezidenti, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun rəhbərləri ilə görüşmək niyyətindədir.

Ölkə başçısı, həmçinin, bir sıra tədbirlərdə, o cümlədən Azərbaycan-Yaponiya iqtisadi forumunda iştirak edəcək. Bu forumda Azərbaycanın müəyyən rəsmi qurumlarının rəhbərləri və işgüzar şəxslərin də iştirakı gözlənilir.

Danışıqların yekunu üzrə ikitərəfli sənədlərin imzalanması planlaşdırılır. Belə ki, Yaponiyanın baş naziri və Azərbaycan prezidenti birgə bəyanat qəbul edəcək, hər iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında memorandum, həmçinin, texniki-iqtisadi əməkdaşlığa dair saziş imzalanacaq.

Xəbər lenti

Xəbər lenti