...

Nazim İbrahimov: "2006-cı il Azərbaycan diasporunun fəaliyyətində dönüş ili kimi yadda qalacaq"

Siyasət Materials 7 Mart 2006 16:52 (UTC +04:00)
Nazim İbrahimov: "2006-cı il Azərbaycan diasporunun fəaliyyətində dönüş ili kimi yadda qalacaq"

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Trend agentliyinə eksklüziv müsahibəsi.

- Nazim müəllim, bu günlərdə keçiriləcək dünya azərbaycanlılarının ikinci qurultayına hazırlıq işləri nə yerdədir? Qurultay iştirakçılarının sayı və tərkibi barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, Azərbaycan prezidenti İlham Əliyevin bu ilin fevral ayında imzaladığı sərəncama əsasən, Dünya Azərbaycanlılarının ikinci qurultayının martın 16-da keçirilməsi nəzərdə tutulub. Qurultaya hazırlıq işləri Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə tapşırılıb. Biz artıq uzun müddətdir ki, qurultaya hazırlıq işləri ilə məşğul oluruq.

Komitə 2005-ci ilin sonu-2006-cı ilin əvvəlində ciddi hazırlıq işləri görüb, artıq qurultaya nümayəndələrin seçilməsi və digər texniki məsələlərin həlli başa çatdırılıb. Prezidentin rəsmi sərəncamından indiyədək keçən müddət ərzində qurultayın təşkilati işlərini tam yekunlaşdırmışıq.

Qurultayın işinə xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının özlərinin seçdiyi 600 nəfərin qatılması nəzərdə tutulub. Bundan əlavə, 350 nəfər xarici qonaq da dəvət olunub. Bunlar xarici ölkələrin yüksək rütbəli dövlət və hökumət nümayəndələrindən, parlament üzvləri və müvafiq sahələrin nazirlərindən, ictimai xadimlərdən ibarət olacaq.

ABŞ, Kanada və əksər Avropa ölkələrinin hökumət təmsilçiləri, Belçika, Fransa, İçveç, Almaniya, Şərqi Avropa ölkələrinin, həmçinin Ukrayna, Rusiya və Türkiyə parlamentlərinin nümayəndə heyətləri qurultayda iştirak edəcək. Təkcə Türkiyənin Böyük Millət Məclisindən 50-dən artıq deputatın, komissiya sədrinin iştirakı gözlənilir.

Bu dəfə qurultayda xaricdəki azərbaycanlıların iştirakını diaspor təşkilatlarının öz öhdəsinə buraxdıq və bizim ayırdığımız kvota ilə özləri nümayəndələrini təyin etdilər. Azərbaycanın daxilindən isə qurultayda 650 nəfər nümayəndə iştirak edəcək.

- Dünya Azərbaycanlılarının ikinci qurultayı əvvəlkindən nə ilə fərqlənəcək?

- Birinci qurultay Azərbaycan diaspor hərəkatının böyük bir başlanğıc nöqtəsi kimi yadda qaldı. Dünya azərbaycanlıların bir neçə əsrlik tarixində ilk dəfə olaraq soydaşlarımız bir yerə toplaşdılar. Həmin qurultayda ümummilli liderimiz Heydər Əliyevin dünya azərbaycanlılarına mesajları səsləndi, onun müəyyən etdiyi konkret iş istiqamətləri elan olundu, Azərbaycanı dünyada tanıtmaq, təbliğ etmək istiqamətində lazımı tapşırıqları oldu. Bu beş il ərzində onun tövsiyələri həyata keçdikcə dünya azərbaycanlılarının səsi artıq dünyanın hər yerindən eşidilməyə başladı.

Qarabağ məsələsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq yönündə fəaliyyət göstərmək, diasporumuzun gücünü bu istiqamətdə səfərbər etmək məqsədi qarşıya qoyuldu. Azərbaycan bu həqiqətləri artıq dünya ictimaiyyətinin diqqətinə çatdırmağa müvəffəq olub. Diasporumuzun bu yöndə əsas vəzifəsi Azərbaycanın gələcəkdə öz torpaqlarını azad edəcəyi təqdirdə dünya ictimaiyyətinin bunu normal qarşılımasına nail olmaqdır. Bu hədəflərin müəyyən edilməsi əsasən birinci qurultayla bağlı oldu.

Dünya Azərbaycanlılarının ikinci qurultayı isə hesabat xarakterli olacaq. Bu qurultay həm 4 ilə yaxındır ki, fəaliyyət göstərən Dövlət Komitəsinin hesabatı, həm də ölkə prezidenti İlham Əliyevin çıxışı, onun verəcəyi mesajlar ilə yadda qalacaq.

Diasporun güclənməsi, ayrı-ayrı ölkələrdəki təşkilatların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində gələcəkdə hansı işlər görüləcəyi də müəyyənləşəcək. Həm də bu kimi tədbirlər görülən işlərdəki nöqsanları üzə çıxarmağa şərait yaradır.

İkinci qurultaya dünyanın müxtəlif icmalarının, o cümlədən yəhudi təşkilatlarının təmsilçiləri də dəvət olunub. Dünyanın müxtəlif ölkələrindəki türk diasporunun rəhbərləri də tədbirimizdə fəal iştirak edəcək.

Çünki biz qarşımıza məqsəd qoymuşuq ki, bu il Türkiyə-Azərbaycan disaporunun birləşmə ili kimi tarixə düşsün. Bu istiqamətdə ciddi işlər görülüb və görülməkdədir. Ümumilikdə, ikinci qurultay dünya azərbaycanlılarının həyatında, diaspor fəaliyyətinin təkmilləşdirilməsində olduqca önəmli bir hadisə olacaq.

- Bəs qurultayda hansı sənədlərin qəbul olunması nəzərdə tutulub?

- İkinci qurultayda bir çox sənədlərin qəbul olunacağı gözlənilir. Qarabağa dair sənəd, həmçinin dünya xalqlarına, dünya azərbaycanlılarına müraciətlər qəbul ediləcək. Eyni zamanda qurultayda iştirak edən soydaşlarımızın da Azərbaycan prezidentinə müraciəti olacaq.

Ümumiyyətlə, hər hansı bir sənədin qəbul edilib-edilməməsindən asılı olmayaraq, dünya azərbaycanlılarının bir yerə toplaşması özlüyündə çox böyük və önəmli hadisədir. Bu mərasim azərbaycanlıların yaddaşında uzun müddət qalacaq.

Qurultaya hazırlıq dövründə bizə edilən zənglər, məktublar, yaşından, fəaliyyət istiqamətindən asılı olmayaraq müxtəlif insanların bizə ünvanladığı müraciətlər də bu qurultaya olan marağın göstəricisidir.

- Qeyd etdiniz ki, bu ili türk və Azərbaycan diasporlarının birləşmə ilinə çevirmək istəyirsiniz. Bəs hazırda Azərbaycanlı disporunun birliyi, həmrəyliyi hansı səviyyədədir?

- Çox yüksək səviyyədədir. Ümumiyyətlə, birlik deyəndə məqsəd hansısa bir təşkilatın tərkibində birləşmək deyil. Bir çox təşkilatların bir qurumda birləşməsi əslində o qədər də önəmli deyil.

Əsas məqsəd odur ki, bu təşkilatların hamısı bir hədəfə vursun, eyni məqsəd uğrunda çalışsın. Azərbaycançılıq ideyasını irəli aparsınlar, dövlət maraqlarımızı təbliğ etsinlər, bir-birinə və dövlətçiliyimizə müxalif olmasınlar. Biz hər zaman bildirmişik ki, siyasi baxışlarından asılı olmayaraq hər bir dünya azərbaycanlısı bizim üçün doğmadır.

Azərbaycan demokratik bir dövlətdir və hər bir kəs istədiyi siyasi təşkilatda fəaliyyət göstərə bilər.

- Azərbaycan diasporunun ölkəmizdəki daxili vəziyyətlə bağlı mövqeyi nədən ibarətdir, problemlərimizin həllini necə görürlər?

- Daxili problemlərimizdən ən vacibi və ümummilli məsələmiz olan Qarabağ məsələsində Azərbaycan diasporu prezident İlham Əliyevin yürütdüyü siyasəti tam dəstəkləyir. Disasporumuz prezidentin "Bütün vasitələrdən istifadə edərək ərazi bütövlüyümüzü təmin edəcəyik" bəyanatını alqışlayır.

Qurultayda da bu barədə fikirlərini özləri söyləyəcəklər. Qaldı ki, başqa məsələlərə, Azərbaycan diaspor nümayəndələri daxili məsələlərə o qədər də qarışmırlar. Biz çalışırıq ki, Azərbaycanın daxili siyasəti kənarda müzakirə predmeti olmasın. Söylədiyim kimi, hər bir azərbaycanlı burada müxtəlif yönümlü siyasi partiyaların üzvü olub onun sıralarında fəaliyyətini davam etdirə bilər. Ona görə də çalışırıq ki, ölkədaxili digər məsələləri diasporun fəaliyyəti ilə qarışdırmayaq.

- Qurultayda, yaxud ondan sonra xarici ölkələrdə azərbaycanlıların yeni konqreslərinin, federasiya və ya bu tipli digər birliklərinin yaranması gözlənilirmi?

- Diasporun formalaşması canlı bir prosesdir. Hər bir təşkilatın yaranması üçün müvafiq vaxt və imkan yetişməlidir. Ehtiyac duyulduqca belə birliklər yaradılacaq, ehtiyac olmayacaqsa, hazırda fəaliyyət göstərən təşkilatlar öz fəaliyyətlərini gücləndirməyə çalışacaqlar.

Bu məsələdə kəmiyyət önəmli deyil, əsas diqqəti fəaliyyətin keyfiyyətinə yönəltmək lazımdır. Artıq dünyanın hər yerində Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Güman edirəm ki, yaxın illərdə dünyanın hər qarışında Azərbaycan diaspor təşkilatlarının mövcudluğunun, onun gücünün şahidi olacağıq. 2006-cı il isə Azərbaycan disporunun həyatında, fəaliyyətində dönüş ili kimi yadda qalacaq.

- Uzun zamandır Azərbaycanda belə bir fikir var ki, biz beynəlxalq miqyasda informasiya mübarizəsində ermənilərə uduzuruq. Hazırda bu məsələ ilə bağlı vəziyyəti necə qiymətləndirirsiz?

- Ümumiyyətlə, mən hesab edirəm ki, həmin fikri biz artıq dilimizdən, düşüncələrimizdən çıxarmalıyıq. Nə qədər ki, torpaqlarımızı azad etməmişik, mübarizə davam edəcək. Ermənilərin bizimlə münaqişəsi dünən başlamayıb, münaqişənin təməli də Qarabağ müharibəsi ilə qoyulmayıb.

Əsrlər boyu ermənilər bizimlə düşmənçilik edib, azərbaycanlıları soyqırımlara məruz qoyublar. Hazırda azərbaycanlıların da onlara qarşı mübarizəsinin miqyası genişlənir. Son zamanlar dünyanın müxtəlif yerlərindən daha çox azərbaycanlıların səsi eşidilir. Mən deyərdim ki, biz informasiya mübarizəsində nəinki geri qalmırıq, əksinə, irəli çıxmışıq. Azərbaycan mediası diasporumuzun fəaliyyətini diqqətlə izləməlidir. Bu sahədə problemimiz var deyə-deyə, özümüzü pessimist ruhda saxlamalı deyilik.

Biz böyük bir problemin içərisindəyik və hansı problemimizi həll etməyi bacarmışıqsa, bu, artıq nailiyyətdir. Biz bəzən düşmənlərimizin hər bir addımını özümüz üçün böyüdüb əhəmiyyətini artırırıq. Amma azərbaycanlıların gördüyü işlərə, müsbət dəyişiklik
lərə o qədər də diqqət yetirmirik. Bu mənada, Azərbaycan mediası diasporun fəaliyyətinə yanaşmada öz işinə bir qədər korrektələr etməli, diqqəti artırmalıdır.

- Diasporumuzun Azərbaycana diqqətinin artırılması yönündə işlər görülürmü? Müxtəlif ölkələrdəki imkanlı həmvətənlərimizin Azərbaycana sərmayə qoyması, gəlib burada irimiqyaslı işlərlə məşğul olması o qədər də müşahidə edilmir.

- Bu prosesə müəyyən qədər vaxt lazımdır. Azərbaycan getdikcə sərmayə qoyulması üçün maraqlı ölkəyə çevrilir və investorların sayı artır. O ki, qaldı xaricdəki azərbaycanlıların ölkəmizə cəlb edilməsinə, xaricdəki soydaşlarımız hələ təzəlikcə geniş maddi imkanlara sahib olmağa başlayıblar.

Gərək onların bu sahədə imkanları genişlənsin, fəaliyyət göstərdikləri ölkələrdə mövqeləri möhkəmlənsin. Amma buna baxmayaraq diaspor nümayəndələrindən Azərbaycanda müxtəlif sahələrdə iş görənlər var. Yaxın illərdə bu proses daha da sürətlənəcək. Sahibkarların, sərmayəçilərin Azərbaycana cəlb edilməsi işi ilə İqtisadi İnkişaf Nazirliyi məşğul olur. Prezidentin iqtisadiyyatın gücləndirilməsi istiqamətində gördüyü işlər öz bəhrəsini verir, ümumdaxili məhsulun həcmi, ölkəyə qoyulan invesitisiyaların həcmi artır.

İqtisadi sahədə inkişaf artdıqca investisiya mühiti də genişlənir. Buna görə də əcnəbilərlə yanaşı, öz həmvətənlərimizin də gəlib Azərbaycanda iş görməsi üçün imkanlar var.

Xəbər lenti

Xəbər lenti