...

MSK katibi: "Üçüncü bir ölkədə erməni vətəndaşlarımız üçün seçki keçirmək mümkün deyil"

Siyasət Materials 10 Mart 2006 19:32 (UTC +04:00)

Azərbaycan vətəndaşları olan və hazırda Ermənistanda və ya başqa ölkələrdə yaşayan ermənilərin Azərbaycanda keçiriləcək təkrar parlament seçkisində iştirakı artıq mümkün deyil. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov açıqlama verib.

Qeyd edək ki, Ermənistanın "Arka" agentliyinin bu ölkənin bəzi təşkilatlarına istinadən yaydığı məlumata görə, Azərbaycandan məcburi köçkün düşmüş erməni mənşəli bəzi vətəndaşlar Azərbaycanda keçiriləcək təkrar parlament seçkilərində iştirak etmək, namizədliklərini irəli sürmək istəyirlər. Bunun üçün həmin erməni təşkilatları Azərbaycanın Mərkəzi Seçki Komissiyasına, Xarici İşlər Nazirliyinə müraciət etdiklərini bildirib. Erməni təşkilatları bu vətəndaşların Azərbaycanda seçkidə iştirakı mümkün olmadığı təqdirdə başqa, üçüncü bir ölkədə seçki komissiyaları formalaşdırıb seçki keçirilməsini də təklif ediblər.

MSK katibi N.Məmmədov deyib ki, ermənilərin belə bir müracəti barədə məlumatı yoxdur, lakin başqa ölkələrdə yaşayan şəxslərin Azərbaycanda keçirilən seçkilərdə iştirakı qanunvericiliklə mümkün deyil. Çünki onların əvvəlcə Azərbaycan vətəndaşı olduğu sübuta yetirilməlidir. Digər tərəfdən, 13 mayda keçiriləcək təkrar parlament seçkisində iştirak üçün namizədliyin irəli sürülməsi və imza vərəqələrinin təhvil verilməsi mərhələsi artıq başa çatıb. Yəni, milliyyətindən asılı olmayaraq heç bir vətəndaş artıq bundan sonra seçki prosesinə qatıla bilməz.

N.Məmmədov üçüncü bir ölkədə seçki komissiyaları yaradılması və Azərbaycan parlamentinə seçki keçirilməsinin də mümkün olmadığını, qanunvericiliklə təsbit edilmədiyini deyib: "Azərbaycanda miliyyətindən asılı olmayaraq bütün vətəndaşların, o cümlədən də erməni mənşəli vətəndaşların seçmək və seçilmək hüququ Konstitusiya ilə təsbit olunub və bu hüquqlar dövlət tərəfindən tanınır, qorunur. Amma başqa yerlərdə yaşayan, məskunlaşan erməni mənşəli vətəndaşlarımızın seçkidə iştirak etmək müraciəti artıq gecikib. Əlbəttə, əgər həqiqətən də onlar Azərbaycan Respublikasının vətəndaşlarıdırlarsa. Azərbaycan qanunlarının tələblərinə uyğun olaraq nəzərdə tutulan vaxtda müraciət etmək lazımdır", - deyə MSK katibi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti