...

Azərbaycan prezidentinin Yaponiyaya rəsmi səfəri başa çatıb

Siyasət Materials 11 Mart 2006 11:33 (UTC +04:00)

Trend bildirir ki, Yaponiyaya rəsmi səfərini başa vuran Azərbaycan prezidenti İlham Əliyev martın 11-də səhər Bakıya qayıdıb.

Martın 7-də başlamış səfər zamanı Azərbaycan dövlətinin başçısı Yaponiya imperatoru Akixito, baş nazir Dzyunitiro Koidzumi, xarici işlər naziri Taro Aso, Yaponiya Beynəlxalq Agentliyinin prezidenti Sadako Aqato ilə görüşlər keçirib, Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edib, Azərbaycan-Yaponiya iqtisadi forumunda iştirak edib, Azərbaycanın Tokiodakı səfirliyinə baş çəkib, Yaponiya Xarici Ticarət Təşkilatının rəhbərliyi ilə danışıqlar aparıb.

Səfər çərçivəsində prezident İlham Əliyev NHK radioteleviziya korporasiyasına müsahibə verib,Yaponiyanın bir sıra tanınmış şirkət və bank rəhbərlərini qəbul edib.

Rəsmi səfərin son günü Yaponiya baş nazirinin iqamətgahında ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Prezident İlham Əliyev və baş nazir Dzyunitiro Koidzumi "Azərbaycan Respublikası ilə Yaponiya arasında dostluq və əməkdaşlığın gələcək inkişafına dair birgə bəyannamə" imzalayıb.

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev və Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abe "Azərbaycan və Yaponiya hökumətləri arasında texniki əməkdaşlığa dair Saziş", xarici işlər naziri Elmar Məmmədyarov və səfir Tadahiro Abe hər iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq proqramını imzalayıb.

Xəbər lenti

Xəbər lenti