...

İlham Əliyev: Azərbaycanda xarici hərbi bazaların yerləşdirilməsinə zərurət yoxdur

Siyasət Materials 14 Mart 2006 16:31 (UTC +04:00)

Azərbaycanda xarici hərbi bazaların yerləşdirilməsi məsələsi müzakirə olunmur. Trend in "AzərTac"a istinadən verdiyi məlumatda bildirilir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Yaponiyanın "NHK" telekanalına müsahibəsində bildirib.

"Biz, eləcə də ABŞ-ın rəsmi şəxsləri dəfələrlə və tamamilə aydın şəkildə bu məsələnin müzakirə edilmədiyini bəyan etmişik. Buna heç bir zərurət yoxdur", - deyə bildirən Azərbaycanın dövlət başçısı respublikanın ərazisində heç bir dövlətin hərbi qüvvəsinin olmadığını qeyd edib.

Bununla yanaşı, İlham Əliyev Azərbaycanın müstəqil dövlət olduğunu və "hər hansı bir qarşıdurma üçün yer olmadığını" bildirib.

"Bu kontekstdə mənim yürütdüyüm siyasət tamamilə aydındır. Mən Azərbaycanın tərəfdaşlarını və dostlarını bizimlə əməkdaşlıq etməyə dəvət edirəm", -deyə İ. Əliyev qeyd edib.

"Biz qarşıdurmalardan kənar olmalıyıq. Mənim zənnimcə, ölkənin uğurlu inkişafı bir çox hallarda məhz bu mövqedən asılıdır. Azərbaycan onunla qarşıdurma vəziyyətində olan dövlətlərlə bir çox hallarda çox düzgün, açıq və səmimi münasibətlərə malikdir".

İ. Əliyev həmçinin, qeyd edib ki, ABŞ-ın siyasi və fəal yardımı Azərbaycanın enerji layihələrinin reallaşdırılmasında həlledici olub. Bu, layihə işlərinin 70 faizi kredit ayırmaları hesabına həyata keçirilən Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasının gedişində də öz əksini tapıb. "Bizim ABŞ-la çox gözəl qarşılıqlı münasibətlərimiz mövcuddur. Biz iqtisadiyyat sahələrində, xüsusilə də terrorizmlə mübarizə sahəsində əməkdaşlıq edirik", -deyə o bildirib.

Prezident xatırladıb ki, Azərbaycan terror əleyhinə koalisiyanın üzvüdür. Azərbaycanın silahlı qüvvələri amerikalılarla yanaşı dünyanın müxtəlif regionlarındakı sülhyaratma missiyalarında iştirak edir.

Azərbaycan-Rusiya əməkdaşlığına gəldikdə, prezident İlham Əliyev iki qonşu dövlət arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu qeyd edib. "Biz əlaqələrin hazırkı səviyyəsindən razıyıq və bu kriteriyalar təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də yaşadığımız regionun təhlükəsizliyi nöqteyi-nəzərindən də çox mühümdür", -deyə İ.Əliyev bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycanla Rusiya arasında həll edilməmiş məsələ yoxdur. O, Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə şəxsi münasibətlərinin səviyyəsinə yüksək qiymət verib.

Xəbər lenti

Xəbər lenti