...

Azərbaycanın Baş Prokurorluğu nəqliyyat vasitələrinin istismarına nəzarəti gücləndirir

Siyasət Materials 14 Mart 2006 16:42 (UTC +04:00)

Azərbaycanın Baş Prokurorluğu nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərə qarşı mübarizəni gücləndirir. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluğun 11 fevral 2006-cı il tarixdə keçirilmiş kollegiya iclasında ötən il ərzində respublika üzrə hərəkət təhlüksizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin sayının artması narahatedici amil kimi qiymətləndirilib. Baş prokuror bu halların qarşısının alınması üçün zəruri tədbirlər görülməsi ilə bağlı bir sıra göstərişlər verib.

Baş prokurorun tapşırığının nəticəsi olaraq martın 4-də Masallıda, martın 11-də isə Xaçmazda Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə əməliyyat müşavirələri keçirilib. Müşavirələrdə həmin bölgələr üzrə hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərə qarşı mübarizənin vəziyyəti müzakirə olunub.

Müşavirələrdə rayon prokurorlarından və polis əməkdaşlarından bu qəbildən olan hadisələrin qarşısının alınması məqsədi ilə müvafiq profilaktiki işlərin gücləndirilməsi, istintaqın keyfiyyətli aparılması, açılmamış cinayət işləri üzrə cinayəti törətmiş şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi tələb edilib.

Baş Prokurorluq ölkə ictimaiyyətini əmin edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin profilaktikasının gücləndirilməsi, cinayət törətmiş şəxslərin müəyyənləşdirilərək layiqli cəzalarına çatmaları üçün bütün tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti