...

Bakıda ATƏT-in nəqliyyata dair konfransı öz işinə başlayıb

Siyasət Materials 16 Mart 2006 13:39 (UTC +04:00)
Bakıda ATƏT-in nəqliyyata dair konfransı öz işinə başlayıb

Martın 16-da "ATƏT-in regionunda nəqliyyat təhlükəsizliyinin gücləndirilməsi" ilə bağlı 14-cü iqtisadi forumuna ikinci hazırlıq konfransı öz işinə başlayıb. Görüş 2 gün davam edəcək. Konfrans zamanı təşkilata üzv ölkələrin nəqliyyat sektorunda mövcud vəziyyət, təhlükəsizlik və ekologiya ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Görüşün açılışında çıxış edən baş nazirin müavini Abid Şərifov qeyd edib ki, nəqliyyat təhlükəsizliyini təmin etmək üçün iqtisadiyyatda, xarici əlaqələrdə vahid dövlət siyasəti yürütmək və bu məqsədlər üçün adekvat fəaliyyət göstərmək lazımdır. Azərbaycan ərazisindən Qərb-Cənub, Şimal-Cənub dəhlizləri və Böyük İpək Yolu (TRACECA) marşrutları keçir. Respublika ərazisi isə müxtəlif istiqamətlərə nəql olunan təbii sərvətlərlə zəngindir.

ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesinin sözlərinə görə, hazırda Azərbaycanın nəqliyyat sahəsində ticarətin inkişafına təsir edən problemlər mövcuddur. Xüsusilə bu, siyasi məsələlərə və sərmayə qoyuluşunun vacib olduğu infrastrukturun inkişafına aiddir. Regionda nəqliyyat sektoruna təsir göstərən çoxlu sayda həll olunmamış münaqişələr qalmadadır.

ATƏT-də və eyni zamanda konfransda sədrlik edən Belçikanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Frenk Qirkins qeyd edib ki, təşkilatın nəqliyyatla bağlı keçirdiyi konfransda ATƏT-ə üzv ölkələrin nəqliyyat sahəsində təhlükəsizlik, regional münasibətlərin inkişafı ilə bağlı təcrübə müdaliəsinin aparılması nəzərdə tutulur. Bundan başqa, konfrans bu sahədə mövcud problemlərə aydınlıq gətirməyə imkan verəcək.

ATƏT-ə üzv ölkələrin nəqliyyata dair birinci hazırlıq konfransı 2005-ci il noyabrın 7-8-də Düşənbədə (Tacikistan) keçirilib.

Xəbər lenti

Xəbər lenti