...

İlham Əliyev: "Ermənistan heç zaman Azərbaycanla rəqabət apara bilməyəcək"

Siyasət Materials 16 Mart 2006 14:08 (UTC +04:00)

"Ermənistan heç zaman Azərbaycanla rəqabət apara bilməyəcək". Trend"in xəbər verdiyi kimi, bu barədə martın 16-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dünya azərbaycanlılarının II Qurultayında çıxışında bəyan edib.

Prezidentin sözlərinə görə, Azərbaycan ilbəil hərbi gücünü artırır və 2006-cı ildə ölkənin hərbi büdcəsi $600 mln təşkil edir. "Mən yaxın vaxtlarda Azərbaycanın hərbi büdcəsinin Ermənistanın bütün büdcəsinə bərabər olması ilə bağlı tapşırıq vermişəm. Ermənistan heç zaman bizimlə rəqabət apara bilməyəcək. Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün bir o qədər yaxşı olacaq", - deyə dövlət başçısı vurğulayıb.

İ.Əliyev bəyan edib ki, əgər Ermənistan danışıqlar prosesini pozarsa və konstruktivlik nümayiş etdirməzsə, o zaman Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair sülh danışıqlarında öz iştirakını yenidən nəzərdən keçirməli olacaq. "Artıq 12 ildən artıqdır ki, sülh danışıqları aparılır, ancaq bu danışıqlar heç bir nəticə vermir. Və danışıqların nə qədər davam edəcəyi də məlum deyil. Biz sülhün tərəfdarıyıq, ancaq biz səmimiyyətsizlik nümayiş etdirən Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə qarşılaşanda səbrimiz tükənir. Əgər Azərbaycan danışıqlar posesinin imitasiya xarakteri daşıdığını görərsə, bu danışıqlarda iştirakdan imtina edəcək", - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Azərbaycan nə 10, nə də 100 ildən sonra Dağlıq Qarabağın Azərbaycandan zorla ayrılmasına yol verməyəcək. "Məcburi köçkünlərin doğma yurdlarına qayıtması məsələsi həll olunmadan heç bir sülh sazişi imzalanmayacaq", - deyə prezident vurğulayıb.

Xəbər lenti

Xəbər lenti