...

Məzahir Pənahov: "Seçkinin təşviqat mərhələsində qanun pozuntularına yol verənlərin namizədliyi ləğv olunacaq"

Siyasət Materials 16 Mart 2006 18:31 (UTC +04:00)
Məzahir Pənahov: "Seçkinin təşviqat mərhələsində qanun pozuntularına yol verənlərin namizədliyi ləğv olunacaq"

Təkrar parlament seçkilərində iştirak edən namizədlərdən təşviqat mərhələsində qanun pozuntularına yol verənlərin namizədliyi ləğv olunacaq. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib. O, bildirib ki, namizədlərə təbliğat kampaniyası dövründə qanun pozuntularına yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

MSK sədri qeyd edib ki, namizədliyin ləğv edilməsinə səbəb olan və konkret məsuliyyət yaradan qanun pozuntuları barədə Seçki Məcəlləsində müddəalar əksini tapıb. Məsələn, namizədlərin çıxışlarında qanuna zidd müxtəlif çağırışlar etməsi, başqa namizədlərə qarşı əks-təbliğat kampaniyası aparması, müxtəlif üsullarla, o cümlədən maddi təminatlar hesabına seçiciləri ələ alması, xeyriyyəçilik adı ilə bu və ya digər əşyalar, ərzaq məhsulları paylaması və digər yolverilməz üsullardan istifadə etməsi namizədliyin ləğv olunması üçün əsas yaradır.

M.Pənahov bildirib ki, qanun pozuntusuna yol vermiş namizədlərdən MSK-ya verilən şikayətlər araşdırılması üçün məhkəmələrə göndərilir. MSK sədri hesab edir ki, təkrar parlament seçkisində belə qanun pozuntularının sayı az olacaq: "Çünki MSK seçiciləri də bu məsələlərlə bağlı məlumatlandırır, ictimaiyyətdə maarifləndirmə işləri aparır. Güman edirəm ki, bu dəfə şikayətlər çox olmayacaq".

M.Pənahov onu da deyib ki, namizədliyin dairə seçki komissiyaları tərəfindən qeydə alınmaması barədə qərarlardan MSK-ya şikayətlər verilməsi müddəti başa çatıb. O, həmçinin bildirib ki, təkrar seçkidə iştirak edən namizədlərə təbliğat kampaniyası üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti dairə seçki komissiyalarına köçürülüb.

Xəbər lenti

Xəbər lenti