...

Avropa Şurasının İnsan Haqları və Hüquq Məsələləri Komitəsinin sədr müavini siyasi partiya və QHT rəhbərləri ilə görüşüb

Siyasət Materials 22 Mart 2006 12:21 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Haqları və Hüquqi Məsələlər Komitəsinin sədr müavini, AŞ-nin Monitorinq Komitəsinin üzvü Eduard Lintner martın 20 və 21-də siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüş keçirib.

Trend in məlumatına görə, Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Eduard Lintner martın 20-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) rəhbərliyi ilə, həmçinin "Yeni Siyasət" blokunun həmtəsisçisi Eldar Namazovla görüşüb.

Martın 21-də isə Müsavat Partiyasının başqanı İsa Qəmbərlə, "Azadlıq" blokunun həmsədri, Milli Birlik Hərəkatının lideri Lalə Şövkətlə, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovla, Siyasi Məhbus Problemi üzrə Şuranın rəhbərliyi ilə ayrı-ayrılıqda onların öz ofislərində görüşlər keçirib. Eduard Lintner və professor Verner Münç siyasi partiya liderləri ilə görüşdə ölkədəki ictimai-siyasi durumu, demokratiya və insan haqları sahəsindəki vəziyyəti, 6 noyabr seçkilərinin nəticələri və təkrar seçkiləri, Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsini müzakirə ediblər.

Avropa Şurasının nümayəndəsi həmin gün Bakıdakı 1 saylı cəzaçəkmə müəssisəsində olub və müşahidə aparıb, siyasi məhbus sayılan Rasim Əkbərovla görüşüb. Sonra o, Siyasi Məhbus Problemi üzrə Şuranın sədri Ənvər Qafarlı və jurnalistlərlə görüşüb, media nümayəndələrinin suallarını cavablandırıb.

E.Lintner martın 22-də ölkə prezidenti İlham Əliyevin, Milli Məclisin spikeri Oqtay Əsədovun, milli təhlükəsizlik naziri Eldar Mahmudovun, ədliyyə naziri Fikrət Məmmədovun, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun və digər rəsmi şəxslərin qəbulunda olacaq.

Qeyd edək ki, E.Lintnerin Bakıya səfəri AVCİYA-nın dəvəti ilə baş tutub.

Xəbər lenti

Xəbər lenti