...

Marta Fabuel Esteve: "İspan şirkətləri Bakıya tərəfdaş tapmaq üçün konkret layihələrlə gəlib"

Siyasət Materials 23 Mart 2006 14:10 (UTC +04:00)
Marta Fabuel Esteve: "İspan şirkətləri Bakıya tərəfdaş tapmaq üçün konkret layihələrlə gəlib"

Martın 23-də Bakıda Azərbaycan-İspaniya biznes-forumu keçirilib. Tədbirin açılışında Azərbaycan Sahibkarlar Milli Konfederasiyasının rəhbəri Ələkbər Məmmədovun verdiyi məlumata görə, bu, Azərbaycan və İspaniya iş adamları arasında keçirilmiş sayca 2-ci biznes-forumdur. Birinci forum 2003-cü ildə Madriddə keçirilib.

Onun fikrincə, belə görüşlərin keçirilməsi bu gün çox zəif olan əlaqələrin möhkəmlənməsinə kömək edir. Azərbaycan və İspaniya arasında xarici ticarət dövriyyəsi bunun təsdiqidir. 2005-ci ilin yekunlarına görə, dövriyyə $92 mln (yəni Azərbaycanın ümumi mal dövriyyəsinin 1,2%-i ($8 mlrd)) təşkil edib.

2005-ci ildə Azərbaycandan İspaniyaya $76 mln dəyərində mal (neft, neft məhsulları, fındıq) ixrac olunub. İspaniyadan respublikaya isə $16 mln dəyərində tikinti materialları, məişət avadanlıqları, mebel və qida məhsulları idxal olunub.

"Ticarət əlaqələrinin hazırkı vəziyyəti bizi qane etmir, ancaq münasibətlərin inkişafı üçün qarşılıqlı maraq vardır. Belə biznes forumlar isə əlaqələri genişləndirməyə kömək edəcək.

Əgər 2003-cü ildə hər iki ölkə arasında mal dövriyyəsi $1,4 mln olubsa, 2004-cü ildə keçirimiş birinci forumdan sonra bu göstərici $20 mln təşkil edib. Ancaq problemlər hələ də qalmaqdadır. Çatışmazlıqlardan biri də informasiya bazasının kifayət qədər olmamasıdır. İspan iş adamları Azərbaycanda gedən iqtisadi proseslər haqqında lazımi qədər məlumatlı deyil. İkinci problem isə müntəzəm nəqdiyyat əlaqələrinin olmamasıdır. Digər tərəfdən, inkişaf üçün hüquqi baza da kifayət qədər formalaşdırılmayıb", - deyə o qeyd edib.

"Qarşılıqlı investisiyaların qorunması və təşviqi haqqında" hökumətlərarası saziş hələ 2002-ci ildən müzakirə olunur. 2001-ci ildə Azərbaycan tərəfi "İkiqat vergiqoymanın aradan qaldırılması haqqında" hökumətlərarası sazişi İspaniyaya təqdim edib. Ancaq bu saziş də indiyədək müzakirə olunur. Azərbaycanda İspaniya səfirliyinin olmaması da qarşılıqlı münasibətlərin inkişafında rol oynayır. Lakin ötən il Madriddə Azərbaycanın diplomatik nümayəndəliyinin açılması ilə əlaqədar bu məsələdə irəliləyiş nəzərə çarpır.

Ə.Məmmədov qarşılıqlı maraqlara xidmət edə biləcək nef-qaz, turizm, kənd təsərrüfatı və emal kimi prioritet sahələri, həmçinin, Azərbaycan üçün mebel istehsalının və işıqlandırma sisteminin maraq doğurduğunu qeyd edib.

İspaniyanın dekorativ işıqlandırma Assosiasiyasının nümayəndəsi Marta Fabuel Esteve qeyd edib ki, ispan şirkətləri tərəfdaş tapmaq məqsədilə konkret layihələrlə Azərbaycana gəlib. İspan şirkətləri bu sahədə artıq MDB (Rusiya, Ukrayna, Qazaxıstan) ölkələrində, ABŞ və Avropada təmsil olunub. Bu şirkətlər beynəlxalq sərgilərdə öz məhsullarını nümayiş etdirir. O hesab edir ki, Azərbaycanda qarşılıqlı münasibətlərin qurulması üçün kifayət qədər imkanlar var və bu münasibətlər biznes-forumun rəsmi mərasimi başa çatdıqdan sonra ikitərəfli görüşlər zamanı qurula bilər.

Tədbir zamanı Bakı şəhər İcra hakimiyyəti və Vergilər Nazirliyinin nümayəndələri Əbdül Məmmədov və Bəxtiyar Əbdülrəhmanov qonaqları Bakı və regionların işıqlandırılması üzrə görülən tədbirlərlə, ölkənin vergi sistemində aparılan islahatlarla tanış edib.

Xəbər lenti

Xəbər lenti