...

Tatyana Mışelova: Venesiya Komissiyası Azərbaycanda təkrar seçkilərə həsr olunan dəyirmi masa təşkil edir

Siyasət Materials 23 Mart 2006 18:22 (UTC +04:00)
Tatyana Mışelova: Venesiya Komissiyası Azərbaycanda təkrar seçkilərə həsr olunan dəyirmi masa təşkil edir

Hüquqdan Demokratiyaya Avropa Komissiyası (Avropa Şurası Venesiya Komissiyası) yaxın gələcəkdə Bakıda Azərbaycan Milli Məclisinə 2006-cı il mayın 13-də nəzərdə tutulmuş təkrar seçkilərə hazırlığa həsr olunmuş dəyirmi masa keçirilməsini təklif edir. Bu barədə martın 23-də Trend ə VK katibliyinin nümayəndəsi, mətbuatla əlaqə üzrə məsul Tatyana Mışelova məlumat verib.

Onun sözlərinə görə, Avropa Şurasının rəhbərliyi Azərbaycanda təkrar seçkilərlə bağlı tədbirlərin siyahısını hazırlayıb və onların arasında dəyirmi masanın keçirilməsi də planlaşdırılıb. "Qarşıdakı tədbirin gedişində 2005-ci il noyabr seçkilərinin nəticələri müzakirə olunacaq. 13 may seçkilərinin Avropa standartlarına müvafiq keçirilməsi üçün nəyi yaxşılaşdırmaq və ya dəyişdirmək barədə fikir mübadiləsi aparılacaq", -deyə o qeyd edib.

"Dəyirmi masanın keçiriləcəyi tarix hələ müəyyən edilməyib. Biz bu tədbiri keçirməyə hazırıq. Hər şey maraqlı tərəflərdən asılıdır. Venesiya Komissiyası Azərbaycanın sərəncamında qalacaq", -deyə T. Mışelova bildirib.

Sonda T.Mışelova xatırladıb ki, tədbirin Azərbaycanda keçirilməsi barədə qərar martın 19-da VK-nın növbəti plenar sessiyasından sonra qərara alınıb.

Xəbər lenti

Xəbər lenti