...

Millət vəkilləri İran səfirinin Azərbaycan ərazisindən çıxarılmasını təklif edib

Siyasət Materials 24 Mart 2006 16:10 (UTC +04:00)

İranın Azərbaycandakı səfiri Əfşar Süleymani Azərbaycandan çıxarılmalıdır. Trend xəbər verir ki, bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin növbəti iclasında bildirib.

Qeyd edək ki, martın 16-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının ikinci qurultayında Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxtinin İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması və digər məsələlərlə bağlı məlum çıxışından sonra İran səfiri sərt bəyanatla çıxış edərək, sözügedən qurultayı kölgə altına alıb. Eyni zamanda Azərbaycan dövlətinə diplomatik etikadankənar öz etirazını bildirib.

Millət vəkili bildirib ki, səfirin belə bir mövqeyi ilə barışmaq olmaz: "Cənubi Azərbaycanın İran ərazisi olduğunu deyən səfir qurultayda məlum məsələ ilə bağlı çıxış edənlərə hədə-qorxu gəlib. Hesab edirəm ki, Azərbaycan dövləti və parlamenti İran səfirinin bu addımına ciddi reaksiya verməlidir. Səfir ya üzr istəməli, ya da Azərbaycan ərazisindən çıxarılmalıdır".

Çıxış edən digər millət vəkili Ana Vətən Partiyası sədrinin birinci müavini Zahid Oruc İran səfiri Əfşar Süleymanin məlum məsələ ilə bağlı beynəlxalq konvesiyada nəzərdə tutulan prinsiplərə zidd hərəkət etdiyini vurğulayıb: "Səfirin belə bir bəyanatı, hətta Şəhriyar və Nizamini fars şairi adlandırması dövlətimizə qarşı başqa planlardan xəbər verir".

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı da həmkarlarırın fikirlərinə dəstək verdiyini bildirib.

Spiker Oqtay Əsədov da İran səfirinin məlum məsələ ilə bağlı tələskənliyə yol verdiyini qeyd edib. Onu da bildirib ki, bu məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən veriləcək cavabı gözləmək lazımdır.

Xəbər lenti

Xəbər lenti