...

Pyotr Voznyak: Polşa Azərbaycan bazarına ixracın artırılmasında bir sıra perspektivlər görür

Siyasət Materials 24 Mart 2006 16:20 (UTC +04:00)
Pyotr Voznyak: Polşa Azərbaycan bazarına ixracın artırılmasında bir sıra perspektivlər görür

Trend in Polşanın iqtisadiyyat naziri, Azərbaycan-Polşa hökumətlərarası komissiyasının həmsədri ilə müsahibəsi

- İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyasının Bakıda keçiriləcək növbəti iclasının tarixi məlumdurmu?

- İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyasının növbəti iclasının keçiriləcəyi tarix və yer hələlik müəyyən edilməyib.

Komissiyanın iclası, danışıqların təyin edilməsi, görüşün tarixi və yeri, eləcə də digər müvafiq məsələlər 2006-cı ilin 6-7 aprelində mənim Bakıya planlaşdırılmış səfərim zamanı Azərbaycan tərəfinin nümayəndələri ilə aparılacaq danışıqlarda müzakirə ediləcək.

- Həmin iclasda əsasən hansı məsələlər müzakirə ediləcək?

-Biz iclasın tez keçirilməsində maraqlıyıq. İclasda biz ikitərəfli əməkdaşlıq, ticarətin gücləndirilməsi, sənaye layihələri və energetika kimi mühüm məsələlərə toxunmaq niyyətindəyik.

- Azərbaycan iqtisadiyyatının hansı sahələri Polşa sərmayəçiləri üçün daha cəlbedicidir? Polşa Azərbaycan ilə neft və neft məhsullarının tədarükünə dair uzunmüddətli müqavilələr bağlanması imkanını nəzərdən keçirirmi?

- Nəzərə alsaq ki, Polşa hökuməti ölkəsini enerji təhlükəsizliyi ilə təmin etməyi özünün əsas vəzifəsi hesab edir, onda energetika mənbələrinin artırılması bu vəzifənin yerinə yetirilməsi üçün əsas yollardan biridir. Düşünürük ki, iki ölkə arasında energetika sektorunda, xüsusilə də neft-qaz hasilatı və işlənib hazırlanması sahəsində əməkdaşlığı gücləndirmək olar.

Polşa şirkətləri hər şeydən öncə, bu sahələrə, xüsusilə neft-qaz hasilatı üzrə konsessiya alınmasına sərmayə qoyulmasında maraqlıdır. İnvestisiya qoyulmasında maraqlı olan digər sahələr yeyinti və inşaat sahələri ola bilər.

Neftin Polşaya nəql olunmasına gəlincə, Odessa-Brodı-Plosk (Qdansk) neft boru kəməri sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək. Azərbaycan bu layihədə maraqlı olarsa nəinki tədarükçü, həmçinin Xəzər regionunun digər ölkələrindən neftin tranzit ölkəsi kimi mühüm tərəfdaşa çevrilə bilər.

- 2005-ci ildə Azərbaycan ilə Polşa arasında mal dövriyyəsinin həcmi necə idi və cari ildə proqnoz necədir? Ölkələr arasında mal dövriyyəsinin artırılması üçün potensial vardırmı?

- Polşa-Azərbaycan mal dövriyyəsi son bir neçə il ərzində artırılır. 2005-ci ilin yanvarından noyabrınadək bu göstərici 55,7 mln. dollara çatıb. 2004-cü ilin eyni dövrü ilə müqayisədə Polşa ixracı 52,1% artırılaraq 46,2 mln. dollar təşkil edib. Azərbaycana ixrac olunan məhsullar arasında ərzaq məhsulları 32,2%, maşın və mexanika 17,6%, kimya sənayesi məhsulları və dərmanlar 13,4%, taxta və mebel 5,7% təşkil edib.

Azərbaycandan Polşaya ümumi ixrac həcmi ötən il 9,5 mln. dollar təşkil edib, 2004-cü illə müqayisədə bu, 18,1% artıb. Polşa ötən il Azərbaycandan fındıq (74,8%), pambıq (15,4%) və propan (2,1%) idxal edib.

Biz proqnozlaşdırırıq ki, 2006-cı ildə Polşa ilə Azərbaycan arasında ticarətin həcmi həmin səviyyədə saxlanılacaq. Polşa tərəfi Azərbaycan bazarına ixracın artırılmasında bir sıra perspektivlər görür.

Bu, inşaat materialları, dərmanlar, ərzaq məhsulları, yüngül sənaye mallarına aiddir. Azərbaycan ilə Avropa Birliyi arasında ticarətin gücləndirilməsi üçün əsas amillərdən biri ümumi üstünlük sisteminə dair AB-nin yeni qanunlarının qəbul edilməsidir. Beləliklə, Polşaya idxal olunan malların əksəriyyətinə gömrük rüsumu (fındıq, pambıq, maye qaz) qoyulmayacaq, yaxud 2-3% gömrük rüsumu (fındığın digər növləri, propilen - 3%, propan - 2%) qoyulacaq.

Polşa ixracının Azərbaycanda dəstəklənməsi üçün Polşanın İqtisadiyyat Nazirliyi həmin ölkənin bir sıra şirkətlərini (Bakubuild, Interfood Azerbaijan, Bakumebel, BIHE, Xazarnefgaz) Azərbaycandakı sərgilərdə maliyyələşdirməyi qərara alıb.

Biz, həmçinin, Azərbaycana 2006-cı ilin iyunun 19-22-də Poznanda beynəlxalq ticarət üzrə keçiriləcək Innowacje-Technologie-Maszyny ITM Polska yarmarkalarında fəxri qonaq kimi iştirak etməyi təklif edirik.

Təşkilatçılar Azərbaycana sərfəli iştirak şərtləri təklif etməyə hazırdır. Bu, Polşa bazarını Azərbaycanın iqtisadi potensialı ilə tanış etmək və əməkdaşlığı artırmaq üçün gözəl imkan olacaq.

Biz ümid edirik ki, əlaqələrin möhkəmləndirilməsi Polşa ilə Azərbaycan arasında ticari nöqsanları azaltmağa və əməkdaşlığı artırmağa kömək edəcək.

Xəbər lenti

Xəbər lenti