...

Zəlimxan Məmmədli: "Mirmahmud Mirəlioğlu barəsində tənqidlərimi açıq bildirdim ki, səhvlərini bir daha təkrar etməsin"

Siyasət Materials 27 Mart 2006 17:00 (UTC +04:00)

"Qurultayda Mirmahmud Mirəlioğlu haqqında səsləndirdiyim tənqidi fikirlərim partiyanın düşdüyü durumla və sədrin bu məsələlərdə məsuliyyəti, nöqsanları ilə bağlı idi". Bu fikirləri Trend ə açıqlamasında əvvəllər "klassiklər" AXCP-si adlanan, martın 26-da keçirilən qurultayda isə yenidən təsis olunan Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli səsləndirib.

Qeyd edək ki, partiya sədrliyinə alternativ iddialı olan Zəlimxan Məmmədli qurultayda Mirmahmud Mirəlioğlunun barəsində tənqidi çıxışlar edib. Z.Məmmədlinin sözlərinə görə, onun sədr seçilmək iddiası partiyada dinamizmi və inkişafı artırmağa xidmət edən addım idi.

"Amma mən rayon təşkilatlarının konfranslarında və qurultayda öz namizədliyimlə bağlı heç bir təbliğat aparmamışdım. Partiyanın seçkili orqanlarında da iştirak etmək fikrim yox idi, amma partiya üzvləri, dostlarımız məni yenidən Ali Məclisin sədri postunda qalmağa vadar etdilər. Mirmahmud Mirəlioğlunun barəsində öz tənqidi fikirlərimi söylədim və onun əleyhinə də səs verdim. Bu açıq bəyanat onunla bağlı idi ki, Mirmahmud bəy öz səhvlərini bir daha təkrar etməsin"-deyə Z.Məmmədli vurğulayıb.

Ali Məclisin sədri əlavə edib ki, yeni Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının da bundan sonra öz səhvlərini təkrar etməməsinə, daha ciddi şəkildə siyasi proseslərdə iştirakına və düzgün siyasi xətt yürütməsinə çalışacaq.

M.Mirəlioğlu isə onun tənqidlərinə cavab olaraq bildirib ki, rəhbərlik etdiyi partiya demokratik bir qurumdur və burada hər kəsin öz fikrini ifadə etmək azadlığı var: "Partiya fuknsionerlərinin bir-birilərinin fəaliyyətini tənqid etməsində qeyri-adi heç nə yoxdur. Azərbaycanda heç bir partiya və onun rəhbəri tam mənada tərifə layiq deyil".

Xəbər lenti

Xəbər lenti