...

Azərbaycan və Kanada qarşılıqlı maraq dairəsini müəyyən edib

Siyasət Materials 28 Mart 2006 13:11 (UTC +04:00)

Azərbaycan və Kanada Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun Kanadaya hazırkı səfəri zamanı keçiriləcək ikitərəfli hərbi-siyasi məsləhətləşmələrdə qarşılıqlı maraq dairəsini müəyyən edib. Trend "Azərtac"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfiri Fəxrəddin Qurbanov bildirib.

Onun sözlərinə görə, A.Əzimov bu səfəri zamanı öz kanadalı həmkarı Cim Rayt və Kanada hökumətinin digər rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirib, görüşlər zamanı qlobal terrorçuluqla, beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərində əməkdaşlığa dair müzakirələr aparılıb, eləcə də Cənubi Qafqazda vəziyyət, NATO, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Kanada tərəfdaşlığı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər diqqət mərkəzində olub.

Səfir bildirib ki, tərəflər iki ölkə arasında əməkdaşlığın fəallaşdırılması üçün qarşılıqlı səfərlərin və məsələhətləşmələrin zəruriliyini vurğulayıb.

Azərbaycan XİN başçısının müavini A. Əzimov Ottavanın Karlton universitetində çıxış edib. Onun daha bir çıxışı Montrealdakı nüfuzlu Kvebek universitetində gözlənilir. Hər iki məruzə "Xəzər regionunda təhlükəsizlik" mövzusundadır. Səfirin sözlərinə görə, görüşlərdə Kanada tərəfinin Azərbaycana böyük marağı hiss olunub.

Xəbər lenti

Xəbər lenti