...

Əli Əliyev: "Vətəndaş və İnkişaf Partiyasının təsis qurultayı iyunun 4-də keçiriləcək"

Siyasət Materials 2 May 2006 16:52 (UTC +04:00)

Əli Əliyevin rəhbərlik edəcəyi yeni Vətəndaş və İnkişaf Partiyasının (VİP) təsis qurultayı iyun ayının 4-də keçiriləcək. Trend in məlumatına görə, bu barədə Vətəndaş və İnkişaf Partiyası Mərkəzi Təşəbbüs Qrupunun sədri Əli Əliyev jurnalistlərə açıqlama verib.

O, bildirib ki, yeni adla bağlı partiyanın ümumi qərarı oldu və aprelin 30-da keçirilən iclasda Mərkəzi Şura tərəfindən təsdiq edildi: "Bu o deməkdir ki, "Azadlıq" blokunun həmtəsisçilərindən biri artıq Azərbaycan Milli İstiqlal Partiyası deyil, həmin qərara əsasən, Vətəndaş və İnkişaf Partiyası kimi fəaliyyət göstərəcək. Mərkəzi Şura tərəfindən yaxın günlərdə yeni adda partiyamızın təsis qurultayı çağırılacaq. Rəsmi dövlət qeydiyyatının dəyişdirilməsi ilə bağlı sənədlər hazırlanıb partiyanın rəhbər strukturlarına təqdim ediləcək. Bu keçid dövrü ərzində partiyanın bütün rəhbər strukturlarının əvəzləyicisi kimi, Mərkəzi Təşəbbüs Qrupu yaradılıb"-deyə Əli Əliyev bildirib.

Ə.Əliyevin sözlərinə görə, AMİP-in parçalanması zamanı 51 rayon təşkilatı rəsmi olaraq onun tərəfimndə qalıb. Partiyasının təmsilçiliyi olmayan digər rayon təşkilatlarında da yeni təmsilçilərin təyin edilməsi və Ədliyyə Nazirliyinin prosedur qaydalarına uyğun işlərin həyata keçirilməsi üçün müvafiq tapşırlar verilib. Əli Əliyevin sözlərinə görə, bu tapşırıqlara müvafiq olaraq həmçinin partiyanın üzvlərinin qeydiyyatı aparılacaq, siyahı hazırlanacaq: "Təxminən iyunun 4-də təsis qurultayının keçirilməsini planlaşdırırıq. Mərkəzi Şura tərəfindlən partiyanın ideoloji bazasının qorunub saxlanması da qərara alınıb. Biz əvvəlki ideologiyamızı saxlayacağıq, sağ mərkəzçi tipli mühafizəkar partiya olmaqla yanaşı, yeni imiclə, yeni komanda və adla cəmiyyətə təqdim olunacağıq".

Məhz bu adın seçilməsinin səbəblərinə gəldikdə, Əli Əliyev bildirib ki, yeni ad Azərbaycan cəmiyyətində daha çox vacib hesab edilən vətəndaş məfhumunu və ən gərəkli proses kimi inkişafı özündə əks etdirir. O, əlavaə edib ki, təsis qurultayına qədər partiyanın rəhbər orqanları Mərkəzi Təşəbbüs Qrupunda kollegial qurum, yerlərdə isə partiyanın yerli təşəbbüs qrupları kimi fəaliyyət göstərəcəklər. Qurultaydan sonra müvaifq strukturlar öz adları ilə adlandırılacaq.

Xəbər lenti

Xəbər lenti