...

"Milli müdrikliyin Heydər Əliyev zirvəsi" və "Heydər Əliyev inamı və idrakı" kitabları Məşvərət Məclisi tərəfindən çapa hazırlanır

Siyasət Materials 3 May 2006 12:37 (UTC +04:00)

"Milli müdrikliyin Heydər Əliyev zirvəsi" və "Heydər Əliyev inamı və idrakı" kitabları iqtidaryönlü partiyaların Məşvərət Məclisi tərəfindən çapa hazırlanır. Bu barədə Trend ə adıçəkilən məclisin sədri, Demokratik Azərbaycan Dünyası Partiyasının lideri Məmməd Əlizadə bildirib.

M.Əlizadə bildirib ki, hər iki kitab mayın 10-da mərhum eks-prezident Heydər Əliyevin doğum gününədək hazır olacaq. Onu da qeyd edək ki, hər iki kitabın müəllifi M.Əlizadədir. "Milli müdrikliyin Heydər Əliyev zirvəsi" kitabının redaktoru Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, "Heydər Əliyev inamı və idrakı" kitabının redaktoru isə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmovdur.

M.Əlizadə onu da bildirib ki, kitabların rəyçiləri Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov, BDU-nın professoru Vasim Məmmədəliyev, İradə Hüseynovadır. Hər iki kitab BDU-nın Elmi Şurasının müsbət rəyini alıb. Məşvərət Məclisinin sədri həmçinin qeyd edib ki, ümumilli liderin doğum günü və Qurtuluş Günü ilə bağlı silsilə tədbirlər davam edir: "Bölgələrdə, eləcə də Naxçıvanda bir sıra elmi-praktik konfranslar planlaşdırmışıq. Bu tədbirlər mayın 25-dək davam edəcək".

Xəbər lenti

Xəbər lenti