...

Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının təşkilatçılığı ilə Macarıstanın Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Siyasət Materials 3 May 2006 16:04 (UTC +04:00)

İngiltərənin paytaxtı London şəhərində Azərbaycan Türk Cəmiyyəti, London Azərbaycan Tələbə Cəmiyyəti və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası (DAƏŞ) Macarıstan məhkəməsinin Ramil Səfərova qarşı çıxardığı ədalətsiz qərarla bağlı etiraz aksiyası keçirib. Bu barədə Trend ə DAƏŞ-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Muradov bildirib.

T.Muradov qeyd edib ki, Londanda yerləşən Macarıstan səfirliyinin qarşısında yerli vaxtla saat 12-də başlanan etiraz aksiyası 14.00-a qədər davam edib. Əsasən Londonda yaşayan bir qrup Cənubi və Şimali azərbaycanlıların iştirak etdiyi aksiyada çıxış edən DAƏŞ İdarə Heyətinin sədr müavini Qulamrza Səbri Təbrizi Macarıstan məhkəməsinin Ramil Səfərova qarşı qəbul etdiyi ədalətsiz hökmə etirazını bildirib. Q.S.Təbrizi bildirib ki, azərbaycanlılar Ramil Səfərovun Azərbaycana təcili ekstradisiya olunmasını, insan hüquqlarının və BMT qərarlarının icra olunmasını tələb edir: "Azərbaycan sülh və ədalət tərəfdarıdır. Macarıstan məhkəməsi ermənilərin təzyiqi altında ədalətsizliyə yol verib. Azərbaycanlılar bu qərara qəti etiraz edir və onunla razı deyillər. Ramil Səfərovun Azərbaycana təhvil verilməməsi beynəlxalq hüquq prinsiplərinin pozulması deməkdir".

Daha sonra aksiyada səslənən fikirlər də daxil olmaqla Macarıstan məhkəməsinə ünvanlanan məktub Macar səfirliyinə təqdim olunub. Britaniya polisinin müşayiəti ilə keçirilən aksiya insidentsiz sona çatıb.

Qeyd edək ki, martın 16-də Bakıda keçirilən Dünya Azərbaycanlılarının II qurultayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib.

Xəbər lenti

Xəbər lenti