...

Məlahət Həsənova: Neft kəməri region ölkələrinin qardaşlığının, əməkdaşlığının və dostluğunun rəmzidir

Siyasət Materials 3 May 2006 16:15 (UTC +04:00)

Bu gün "Bakı-Tbilisi-Ceyhan neft kəməri regionda təhlükəsizliyin, sülhün, sabitliyin və inkişafın qarantıdır" adı altında keçirilən aksiyanın iştirakçıları Gürcüstandan Türkiyəyə doğru yollarına davam ediblər. Milli Məclisin deputatı Məlahət Həsənovanın Trend in xüsusi müxbirinin verdiyi məlumata görə, onlara Türkiyə parlamentinin qadın deputatları da qoşulacaq.

Beynəlxalq aksiya mayın 1-də Bakıda başlanıb. Deputatlar avtomobillərlə Qırmızı körpüdən keçərək Gürcüstana yola düşüblər. Burada onlara aksiyanın gürcüstanlı iştirakçıları qoşulub və bu gün artıq onlar Türkiyə sərhədini keçiblər. Aksiya zamanı boru kəmərinin yerləşdiyi marşrut üzrə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Azərbaycandan gələn qonaqları Tbilisidə parlamentin sədri Nino Burcanadze qarşılayıb.

Məlahət Həsənovanın sözlərinə görə, Şərqlə Qərbi birləşdirən Bakı-Tbilisi-Ceyhan ölkələrimiz arasında, eləcə də bütün regionda qardaşlığın, əməkdaşlığın və dostluğun rəmzidir. O qeyd edib ki, "bizim ölkələrimiz" arasında təkcə yaxşı münasibətlərin olması vacib deyil, həm də hər bir vətəndaş "regionda sabitliyin və sülhün bərqərar olması üçün əlindən gələni etməlidir".

Deputat həmçinin, bəyan edib ki, yaşadığımız region terrorizm və zorakılıqla bağlı problemlərlə doludur. "Bu problem istər Gürcüstan, İstər Azərbaycan və istərsə də Türkiyənin qarşısında durur. Ona görə də biz deputat qadınlar sülhün və sabitliyin dəstəklənməsi təşəbbüsü ilə çıxış etməyə başlamışıq", -deyə Həsənova bəyan edib.

Gürcüstan parlamentinin deputatı Ququli Maqradzenin Trend ə verdiyi məlumata görə, Azərbaycanın, Gürcüstanın və Türkiyənin çoxmilyonlu əhalisini təmsil edən qadınların bu aksiyası 3 ölkə arasında əlaqələri inkişaf etdirməyə və möhkəmləndirməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti