...

Nuşirəvan Məhərrəmli: "Telekanalların sayının çox olması ilə ölkələrdə demokratiyanın vəziyyətini müəyyənləşdirmək düzgün yanaşma deyil"

Siyasət Materials 3 May 2006 18:34 (UTC +04:00)
Nuşirəvan Məhərrəmli: "Telekanalların sayının çox olması ilə ölkələrdə demokratiyanın vəziyyətini müəyyənləşdirmək düzgün yanaşma deyil"

"Milli Teleradio Şurasının müstəqil olmaması barədə bəzi beynəlxalq qurumların rəyləri yanlışdır". Bu fikirləri Trend ə açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

O, "Freedom House" təşkilatının dünyada söz azadlığının vəziyyətinə dair hesabatında Azərbaycanda Milli Teleradio Şurasının müstəqil olmaması, son bir ildə telekanallara lisenziya verməməsi barədə yer alan fikirlərə münasibət bildirərkən bu məlumatları təkzib edib: "Milli Teleradio Şurası müstəqil bir qurumdur və telekanallara da lazımi şərait yaradır. Son illərdə Azərbaycanda teleradio sahəsindəki vəziyyət getdikcə daha da yaxşılaşır. Bu sahədə müəyyən problemlərimiz var və bunları problem kimi qəbul edirik. Amma bəzi beynəlxalq təşkilatların Azərbaycanla bağlı fikirləri yanlışdır. Ən azı ona görə ki, onların hesabatında qonşu ölkələr Azərbaycandan 30-35 sıra yuxarıda dayanırlar".

N.Məhərrəmlinin fikrincə, hesabatda Azərbaycanın öz qonşularından aşağı sıralarda yerləşdirilməsi səhv yanaşmadır. Onun sözlərinə görə, Azərbaycanda teleradio sahəsindəki vəziyyət qonşu ölkələrdən geri qalmır, əksinə, bir az da irəlidədir: "Lakin onların siyahısında Azərbaycan ən aşağı yerlərdə göstərilib və bu da onların mövqeyinin qərəzli olduğunu göstərir"-deyə Teleradio Şurasının sədri vurğulayıb. O, bildirib ki, son bir ildə Şura İctimai Televiziya kimi böyük bir kanala lisenziya verib və bu kanal 24 saat ərzində bütün ölkə ərazisində yayımlanmağa başlayıb. N.Məhərrəmlinin sözlərinə görə, telekanalların sayının çox olması ilə ölkələrdə demokratiyanın vəziyyətini müəyyənləşdirmək düzgün yanaşma deyil: "Qonşu ölkələrdə 100-200 telekanal varsa, bu o demək deyil ki, bizdə də mütləq belə olmalıdır".

Nuşirəvan Məhərrəmli onu da deyib ki, Şura hazırda beş telekanalın lisenziya müddətinin uzadılması məsələsi üzərində işləyir. Onlardan üçü regional, ikisi isə ("Lider" və ANS) paytaxt kanallarıdır. Bu kanalların lisenziya məsələsi həllini tapdıqdan sonra yeni kanalların açılıb-açılmaması məsələsinə baxılacaq.

Xəbər lenti

Xəbər lenti