...

Helge Lund: Azərbaycan Statoil-ın vacib tərəfdaşıdır

Siyasət Materials 3 May 2006 18:54 (UTC +04:00)
Helge Lund: Azərbaycan Statoil-ın vacib tərəfdaşıdır

Azərbaycan Statoil şirkətinin vacib tərəfdaşıdır. Ölkədə fəaliyyətə başladığı vaxtdan şirkətin investisiyalarının həcmi $2,4 mlrd.-ı ötüb. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Statoil-ın icraçı direktoru Helge Lund mayın 3-də mətbuat konfransında bildirib.

"Mənim Azərbaycanda səfərdə olduğum 2 gün ərzində iştirak etdiyimiz layihələrin gerçəkləşdirilməsi ilə tanış oldum. Regionun potensialı bu layihələrin inkişafındadır. Və biz tərəfdaşlarımızla birgə "Şahdəniz" layihəsinin 2-ci mərhələsini 2012-ci ilə qədər və daha tez gerçəkləşdirməyə çalışacaqıq" - deyə o bildirib.

Onun sözlərinə görə, səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, sənaye və energetika naziri Natiq Əlyiev, ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev və BP-nin rəhbərliyi ilə görüşərək, maraqlı müzakirələr aparıb.

Görüşlər zamanı tərəflər daha sıx əməkdaşlıq etmək haqında ümumi məxrəcə gəlib. "Tərəfdaşlarımız və Azərbaycan hökumətilə "Şahdəniz" layihəsinin 2-ci mərhələsinin həyata keçirilməsini tezləşdirmək haqqında müzakirələr apardıq" - deyə icraçı direktor vurğulayıb.

"Biz 2-ci mərhələnin gerçəkləşdirilməsini tezləşdirməyə çalaşacaqıq. Hazırda potensial bazarların qiymətləndirilməsilə məşğuluq. Mən 2-ci mərhələ çərçivəsində ixrac istiqamətlərini göstərməyə hazır deyiləm, biz hələ onları qiymətləndiririk" - deyə o əlavə edib.

"Şahdəniz" tərəfdaşları ilə "Qazprom" SC arasında mümkün rəqabətə toxunan H.Lund deyib ki, Avropa və ABŞ-ın bir neçə karbohidrogen tədarükçüsünə ehtiyacı var.

H.Lundun dediklərinə görə, Statoil Xəzərin Azərbaycan sektorunda yeni perspektiv struktura operatorluq etməkdə maraqlıdır.

"Təbii ki, biz yeni biznesi - Azərbaycandakı imkanları qiymətləndiririk. Biz konkret hansısa bir strukturu müzakirə etmirik, ümumi təhlil aparırıq" - deyə o qeyd edib.

Statoil "Azəri"-"Çıraq"-"Qünəşli"də - 8.6% , "Şahdəniz"də - 25.5%, "Alov"-"Araz"-"Şərq"də - 15% paya malikdir. Statoil qaz tədarükü üzrə Azərbaycan şirkətinin operatoru və Cənubi Qafqaz boru kəməri şirkətinin kommersiya operatorudur. Şirkətin həmçinin BTC layihəsində 8.71% payı var.

Xəbər lenti

Xəbər lenti