...

Mahmud Məmmədquliyev: İƏT-nin Bakı bəyannaməsində nizamlanmamış münaqişələrlə bağlı məsələ öz əksini tapacaq

Siyasət Materials 4 May 2006 10:50 (UTC +04:00)
Mahmud Məmmədquliyev: İƏT-nin Bakı bəyannaməsində nizamlanmamış münaqişələrlə bağlı məsələ öz əksini tapacaq

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin rəhbərləri və hökumət başçılarının görüşünün yekunları üzrə imzalanacaq Bakı bəyannaməsində bir çox məsələlər, o cümlədən Ermənistan tərəfindən Azərbaycan ərazisinin bir hissəsinin işğalı faktı öz əksini tapacaq. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

"Bu sənəd sammitdən sonra açıqlanacaq və siz burada çox mühüm və konkret məsələlərin yer aldığını görəcəksiniz", - deyə o bildirib.

M.Məmmədquliyevin sözlərinə görə, Bakı bəyannaməsi bundan əvvəl İƏT üzvləri tərəfindən qəbul edilmiş bir çox sənədlərdən fərqlənir. Bu təşkilat iqtisadi yönümlü olsa da, bəyannamədə dondurulmuş münaqişələrin nizamlanması məsələsi də öz əksini tapıb.

"Sənədə əsasən, münaqişələrin nizamlanmaması bütün regionun iqtisadi inkişafına mənfi təsir göstərir. Buna görə də bu problemli məsələlər qısa müddət ərzində öz həllini tapmalıdır", - deyə nazir müavini qeyd edib. O vurğulayıb ki, qarşıdakı görüş çərçivəsində İƏT-ə üzv olan bütün ölkələr dövlətlərin ərazi bütövlüyü prinsipinə tərəfdar olduğunu göstərəcək. "Münaqişələr təkcə Azərbaycan, Gürcüstan və ya Moldovanın deyil, həm də bu regionlarda yerləşən bütün ölkələrin iqtisadi inkişafına mənfi təsir göstərir", - deyə M.Məmmədquliyev vurğulayıb.

İƏT liderlərinin Bakıda görüşü çərçivəsində ikitərəfli sazişlərin imzalanmasına gəlincə, o bildirib ki, Azərbaycan tərəfi belə sənədlər hazırlamayıb."İƏT çərçivəsində yalnız çoxtərəfli sənədlərin imzalanması mümkündür", - deyə M.Məmmədquliyev nəzərə çatdırıb.

Onun sözlərinə görə, Qazaxıstanın baş naziri Daniel Axmedov Bakıya təkcə İƏT sammitində iştirak etmək üçün deyil, həm də Azərbaycana ikitərəfli səfəri çərçivəsində gələcək. "Azərbaycan və Qazaxıstan arasında hər hansı sazişin imzalanmasını isə istisna etmirəm", - deyə nazir müavini qeyd edib.

M.Məmmədquliyev onu da bildirib ki, yeni dövlətlərin İƏT üzvlüyünə qəbul edilməsi məsələsi qarşıdakı görüşün gündəliyinə daxil edilməyib.

Xəbər lenti

Xəbər lenti