...

Qüdrət Həsənquliyev: "Parlamentdə Qarabağ komissiyası və deputat fraksiyası yaradılmasına böyük ehtiyac var"

Siyasət Materials 4 May 2006 12:43 (UTC +04:00)

"Parlamentdə Qarabağ komissiyasının yaradılması ilə bağlı deputatlar fəallıq göstərmədilər". Bu fikri Trend ə açıqlamasında millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bildirib. O, qeyd edib ki, parlamentin rəhbərliyi Milli Məclisin Nizamnaməsini, o cümlədən daimi komissiyalarla bağlı məsələni müzakirəyə çıxarmadı. Buna görə də Qarabağ komissiyasının yaradılması məsələsi hələ ki açıq qalıb: "Milli Məclisin növbəti iclaslarının birində biz bu məsələyə qayıdacağıq. Mən hesab edirəm ki, Qarabağ komissiyanın yaradılmasına ehtiyac var. Ancaq yaxın zamanda yaradılacağını gözləmirəm. Hesab edirəm ki, çoxlu sayda millət vəkilləri təşəbbüs göstərsələr, bu, mümkün ola bilər".

Qüdrət Həsənquliyev parlamentdə müxalifətçi deputat qrupunda beş partiyanın əməkdaşlıq etdiyini, lakin fraksiya yaradılmasının mümkün olmadığını deyib: "Milli Məclisdə fraksiya yaradılması üçün 25 nəfər deputat bir araya gəlməlidir. Ancaq bizim parlamentdə fraksiya yaratmaq üçün bir araya gələcək bu qədər sayda həmfikir deputatlar yoxdur. Əgər biz Nizamnaməni müzakirəyə çıxara bilsək, ilk müzakirə edilən məsələlərdən biri fraksiya üzvlərinin sayının 25-dən aşağı endirilməsi ilə bağlı olacaq".

Millət vəkili bildirib ki, parlamentdə fraksiya yaradılmasına böyük ehtiyac var. Çünki bu qurum ən azı alternativ məruzələr etməyə imkanlar yaracaq: "Milli Məclisin qəbul etdiyi qərarlar içərisində xüsusi önəm daşıyan məsələlərdən biri büdcə ilə bağlı hökumətin hesabatıdır. Nizamnaməyə görə, bizə çıxış üçün cəmi 10 dəqiqə vaxt verilir. Həmin önəmli məsələlərin müzakirəsi zamanı isə hamıya söz çatması üçün limit 5 dəqiqəyə endirilir. 5 dəqiqə ərzində dövlət büdcəsi, hökumətin hesabatı haqqında nə demək olar? Amma fraksiya fəaliyyət göstərsə, ən azından alternativ məruzə ilə çıxış etmək mümkün olar. Təəssüf ki, bizim belə bir imkanımız yoxdur".

Xəbər lenti

Xəbər lenti