...

Vətənpərvərlər Partiyalarının III ümumdünya Konqresində iştirak edən Ermənistan parlamentinin üzvləri və partiya sədrləri toplantını tərk ediblər

Siyasət Materials 4 May 2006 16:03 (UTC +04:00)

Moskvada keçirilən Vətənpərvərlər Partiyalarının III Ümumdünya Konqresində iştirak edən Ermənistan parlamentinin üzvləri və partiya sədrləri toplantını tərk ediblər. Trend xəbər verir ki, bu barədə adıçəkilən konqresdə iştirak edən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev mayın 4-də keçirdiyi mətbuat konfransında bildirib.

F.Əliyev qeyd edib ki, ermənilərin konqresi tərk etmələrinə səbəb onun qondarma "erməni soyqırımı" və ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarla bağlı çıxışı olub. Partiya sədri bildirib ki, konqresin birinci hissəsini tərk edən Ermənistan Milli Demokratik Birlik Partiyasının sədri, deputat Vazgen Manukyan, Erməni İnqilab Federasiyası Partiyasının sədri, deputat Vaqan Ovanesyan, Ermənistan Liberal Demokrat Partiyasının sədri Arutyun Arakelyan və onun köməkçisi Vano Qriqoryan ikinci hissəyə qatılıblar.

ALDP sədri bildirib ki, Ermənistan Respublika Partiyası Siyasi Şurasının üzvü, deputat Armen Aşotyan çıxışında Azərbaycanın hərbi xərclərini artırmasından narahat olduğunu vurğulayıb. A.Aşotyan hətta Nizami Gəncəvinin fars şairi olduğu halda Azərbaycan tərəfindən özününküləşdirdiyini də bildirib. F.Əliyev onu da vurğulayıb ki, gətirdiyi tutarlı arqumentlərlə A.Aşotyanın dediklərini ifşa edib.

ALDP sədri fasilədə konqresdə iştirak edən Belçika parlamentariləri, Serbiya parlamentinin sədr müavini Qordan Por-Laziç, Estoniya Konstitusiya Partiyasının sədri, Mardu şəhərinin meri Qeorqiy Bıstrov, Belorusiya Liberal Demokrat partiyasının sədri, deputat Sergey Qaydukoviç, Livanın Proqressiv Sosialist Partiyasının Moskvadakı xüsusi nümayəndəsi Xalim Abu Fəxrəddin və digər qonaqlarla görüşdüyünü və Dağlıq Qarabağ faciəsi ilə bağlı özü ilə götürdüyü materialları onlara təqdim etdiyini bildirib.

F.Əliyev onu da qeyd edib ki, Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Jirinovski ilə də görüşüb və ona rus ziyalıları Veliçko, Qriboyedovun ermənilər haqqında yazdığı fikirlər olan kitabı verib. V.Jirinovski həmin kitabı rəhbərlik etdiyi RLDP-nin muzeyinə təhvil verib.

Qeyd edək ki, Vətənpərvərlər Partityalarında dünyanın liberal demokrat dəyərlərə malik olan partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti