...

Natiq Əliyev: Enerji daşıyıcıları tariflərinin artırılması məsələlərinə ehtiyatla yanaşmaq lazımdır

Siyasət Materials 4 May 2006 18:11 (UTC +04:00)
Natiq Əliyev: Enerji daşıyıcıları tariflərinin artırılması məsələlərinə ehtiyatla yanaşmaq lazımdır

Trend agentliyinin Azərbaycanın sənaye və energetika naziri ilə eksklüziv müsahibəsi

- Bu gün Dünya Bankının ekspertləri tərəfindən hazırlanmış qaz sisteminin bərpası layihəsi hansı mərhələdədir?

- Dünya Bankı Sənaye və Energetika Nazirliyinə magistral qaz boru kəmərlərinin təmirini, bizim texniki şəbəkələrimizin yaxşılaşdırılmasını və qaz anbarlarının genişləndirilməsini nəzərdə tutan proqram təqdim edib. Dünya Bankı bu proqrama təxminən $1 mlrd. həcmində müxtəlif layihələr daxil edib.

Təbii, bu proqram uzunmüddətlidir və 7-8 il üçün nəzərdə tutulub. Bununla belə, proqram hazırda müzakirə mərhələsindədir. Proqram Sənaye və Energetika Nazirliyindən başqa, Nazirlər Kabineti və "Azəriqaz" SC-yə də təqdim olunub.

- Siz bu proqramı ilkin olaraq necə qiiymətləndirirsiniz?

- Burada müəyyən cəhətlərlə razılaşmaq olar, müəyyən cəhətlərlə isə yox. Məsələn, qaz anbarlarının həcmi ilə. Bank ekspertlərinin irəli sürdüyü iş və ya layihələrin ardıcıllığından da danışmaq olar. Bununla yanaşı, proqram respublikada qaz təchizatının yaxşılaşdırılmasına yönəldildiyi üçün çox lazımlı və zəruridir. Bütün bunlar vacibdir, lakin ilk növbədə baxmaq lazımdır ki, layihəni hansı müddətə və nə vaxt həyata keçirmək mümkündür. Hesab edirəm ki, qaz anbarlarını məhz indi 5 mlrd.m3-ə qədər genişləndirməyə ehtiyac yoxdur. Hazırda biz "Kalmaz" və "Qaradağ" qaz anbarlarına 1 mlrd. m3-dək yanacaq vururuq. Bu həcm qaz tədarükünün mövsümi dəyişməsinin öhdəsindən gələ bilib.

Hesab edirəm ki, sığortalanmaq və qaz təchizatı təhlükəsizliyini təmin etmək üçün bizə yaxın vaxtlarda qaz anbarlarının tutumunu təxminən 0,5 mlrd. m3 artırmaq lazımdır. Gələcəkdə isə bu proses qaz hasilatı artımı və bazarda qazın daha çevik satışından asılı olaraq həyata keçirilə bilər.

Bunda nəinki hökumət, həm də investorlar və "Şahdəniz" yatağından çıxarılan qazın sahibkarları da maraqlı olacaq.

- Bu o deməkdirmi ki, investorlar, "Şahdəniz" layihəsinin iştirakçıları qaz anbarlarının genişləndirilməsini maliyyələşdirəcəklər? Və Dünya Bankı qaz anbarlarının tutumunun 5 mlrd. m3-ə qədər artırılmasını hansı məbləğdə qiymətləndirir?

- Mən hesab edirəm ki, bəli. Dünya Bankı layihələr təklif edir və bunların gerçəkləşdirilməsi üçün investisiyaların həcmini göstərir. Dünya Bankı hər hansıbir layihəni maliyyələşdirə və ya bu layihənin maliyyələşdirilməsi üçün sindikasiyada iştirak edə bilər, amma mən fikirləşirəm ki, "Şahdəniz"i işlədən investorlar bunda daha çox maraqlı olmalıdır. Qaz anbarlarının 5 mlrd.m3-ə qədər genişləndirilməsi üçün isə bir neçə yüz milyon dollar tələb olunacaq. İndi dəqiq məbləği demək mümkünsüzdür, çünki hər bir layihə qiymətləndirilməlidir. Həm də Dünya Bankı yalnız ilkin qiyməti göstərib. Hər şeyin nəzərə alınıb-alınmadığını yoxlamaq lazımdır.

Mənim fikrimcə, qaz anbarlarının 0,5 mlrd. m3-ə qədər genişləndirilməsi üzrə işlərin maliyyələşdirilməsi üçün bizim kifayət qədər vəsaitimiz var. Həm də ki, "Azəriqaz" SC anbarlarının tutumunu 0,5 mlrd. m3-dən 1 mlrd. m3-dək artıranda on milyonlarla dollar xərclənib. Bu, bizim çatmaq istədiyimiz səviyyədən asılıdır. Bir var, işi sadəcə qaydasına qoymaq, bir də var, qaz anbarlarının işini daha müasir texnoloji səviyyəyə çatdırmaq. Proqramın dəyəri bundan asılı olacaq. Lakin yenə də qaz anbarlarının genişləndirilməsinin hazırda nə dərəcədə aktual və zəzuri olduğuna baxmaq lazımdır.

- Dünya Bankının bu proqramına hansı status veriləcək?

- Təbii, bu, dövlət proqramı olmalıdır. Nazirlər Kabineti lazım bilsə, bu proqram mərhələli olar və hökumət tərəfindən təsdiqlənərək, "Azəriqaz" SC-yə və ya nazirliyə müvafiq tenderlərin keçirilməsi və müxtəlif maliyyə mənbələrinin cəlb edilməsi haqqında tapşırıqlar verilər.

- Dünya Bankının Azərbaycanda enerji ehtiyatları qiymətlərinin artımı ilə bağlı proqnozlarına münasibətiniz necədir?

- Neftin qiymətini dünya bazarı tənzimləyir, Azərbaycanın daxili bazarında isə bu, hökumətin müstəsna hüququdur. Burada söhbət neft məhsuları, xüsusilə, benzin, elektrik stansiyalarında istifadə olunan mazut və qazın qiymətlərindən gedir. Mənim fikrimcə, bu məhsulların bahalaşmasından danışmaq hələ çox tezdir. Bundan əlavə, biz həmişə belə təklifləri qəti rədd edirik, çünki bu, hökumətin müstəsna hüququdur. Çox vaxt elektrik enerjisi və təbii qaz tariflərinin artırılması tələbləri kreditlərlə bağlı olur, ancaq biz bu növ təkliflərə qulaq asmayacağıq. Digər tərəfdən, bu cür məsələlərə ehtiyatla yanaşmaq lazımdır, çünki ünvanlı yardımın mexanizmi hazır olmadığı bir vaxtda bütün bunlar dərhal sosial sahəyə təsir göstərir. Ona görə məsələ qaldırıldıqda, buna hərtərəfli yanaşmaq lazımdır. Bu, xüsusilə təbii qaz və yığım səviyyəsinə aiddir.

Bu gün əhaliyə verilmiş qazın ümumi dəyərinin maksimum 18%-i yığılır. Hesab edirəm ki, əhali tərəfindən ödənişlərin gerçəkləşdirməsi üçün tədbirlər kompleksi hazırlanmalıdır. Və bu, ilk növbədə, qanunvericilik tədbirlərinin görülməsi, Mülki və Cinayət məcəllələrinə dəyişikliklərin edilməsi ilə həyata keçirilməlidir. Cəza tədbirlərini sərtləşdirməklə, əhalini inandırmaq lazımdır ki, qaz və elektrik enerjisini daimi əsasda almaq istəyirsə, pul ödəməlidir. Bu müstəvidə ödənişin differensasiyasını nəzərdən keçirmək lazımdır. Mənim fikrimcə, elektrik enerjisinin istehlakında adambaşına müəyyən limit müəyyənləşdirilməli və istifadə olunan elektrikın həcmi bu limiti ötdükdə, bu fərqin qiyməti minimum tarifdən artıq olmalıdır. Elektrik enerjisinin dəyərinə günün saatından asılı olaraq baxmaq lazımdır, çünki bu dəyər dəyişir.

Müxtəlif istiqamətlər var, ona görə ilk növbədə başqa ölkələrin təcrübəsini öyrənmək lazımdır. İstehlak minimumunu müəyyənləşdirmək çox çətindir və bu istiqamətdə hələ iş gedir. Hesab edirəm ki, biz kommunal xidmətlərin kart ödəniş sistemini çoxdan hazırlamalı idik və bu məsələni bu gün daha ciddi tədqiq etməliyik.

- Bu gün Sənaye və Energetika Nazirliyinin hazırladığı sənayenin inkişafı üzrə dövlət proqramı hansı mərhələdədir?

- Biz bunu regionlar üzrə hazırlayacağıq. Mayın sonuna qədər Sumqayit zonası üzrə fəaliyyət planını başa çatdırmaq planlaşdırılır. Proqram yaxın 4 il üçün nəzərdə tutula bilər. Sonra Mingəçevir zonası üzrə işə başlayacağıq. Gəncə, Lənkəran, Astara, Quba-Xaçmaz zonalarını da nəzərdən keçirmək planımıza daxildir. Bunlar vahid şəklə salınmış regional proqramlardır. Tezliklə Mingəçevirdə sənaye rəhbərləri ilə görüşməyi planlaşdırırıq. Orada biz sənaye müəssisələrinin yaradılması və bərpası üzrə müəyyən layihələr və ya təkliflər hazırlayacağıq.

Biz hər bir müəssisənin biznes planını ayrı-ayrılıqda nəzərdən keçiririk. Bu gün Sumqayıtda təxminən 10 müəssisə ("Azəralumin", "Şüşə zavodu", toxuculuq və şirniyyat müəssisələri) bizim tərəfimizdən perspektivli sayılır. Bunlar hazırkı bazar iqtisadiyyatı şəraitində işləyə bilən və rəqabət qabiliyyətli ola bilən müəssisələrdir. Belə müəssisələrə dövlət yardımı göstərilməlidir ki, bu yardım layihədən asılı olaraq mərhələlərə bölünməlidir. Birinci mərhələdə hər müəssisəyə tədricən $10 mln həcmində yardım verilə bilər.

Xəbər lenti

Xəbər lenti