...

Azərbaycan prezidenti Qırğızıstan baş nazirinin müavinini qəbul edib

Siyasət Materials 4 May 2006 20:06 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev mayın 4-də Qırğızıstan baş nazirinin müavini Almanbet Matubraimovu qəbul edib. Trend agentliyinin məlumatına əsasən, görüşdə tərəflər ölkələrimiz arasında hökumətlərarası iqtisadi komissiyanın yaradılmasının vacibliyini vurğulayaraq, bunun qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına təkan verəcəyini bildirib.

Söhbət zamanı Azərbaycan və Qırğızıstanda gedən iqtisadi proseslərə də toxunulub. İ.Əliyev Qırğızıstanda yeni hökumət strukturlarının möhkəmlənəcəyinə və ölkənin inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. 1990-cı illərin əvvələrində Azərbaycanda siyasi vəziyyətin çox ağır olduğunu, iqtisadi tənəzzülün və böhranın mövcudluğunu xatırladan İ.Əliyev deyib ki, bu proseslərdən sonra ölkə inkişaf yoluna qədəm qoyub.

Görüşdə ölkələrimizin müxtəlif strukturları, eləcə də hökumət üzvləri və parlamentariləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd olunub.

A. Matubraimov Qırğızıstanda yaşayan Azərbaycanlıların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini vurğulayıb. O, Qırğızıstan prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçiriləcək zirvə toplantısında iştirak edə bilməməsindən təəsüfləndiyini söyləyib. Qonaq həmçinin, Qırğızıstan rəhbərinin Azərbaycanlı həmkarını Bişkekə dəvət etdiyini qeyd edib.

Qırğızıstan baş nazirinin müavini Azərbaycan iş adamlarının öz ölkəsinə cəlb edilməsində maraqlı olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti