...

Etibar Məmmədov: "Bizim partiyaya qarşı qərəzli mövqedə olmuş partiyalarla əməkdaşlıqdan söhbət gedə bilməz"

Siyasət Materials 5 May 2006 12:39 (UTC +04:00)

"Bizim partiyaya qarşı qərəzli mövqedə olmuş partiyalarla əməkdaşlıqdan söhbət gedə bilməz". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov bildirib. O, qeyd edib ki, "Azadlıq" bloku ilə AMİP-in heç bir əlaqələri yoxdur və indiki şəraitdə əməkdaşlıq da mümkün deyil. O, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyevlə əlaqələrinin olması barədə yayılmış məlumatları da təkzib edib.

"Bu barədə mən özüm də mətbuatdan oxumuşam. Amma Rəsul Quliyevlə heç bir əlaqəmiz yoxdur. Onun rəhbərlik etdiyi partiya, şəxsən özü öz imzası ilə AMİP-də ara qarışan vaxtı, kimlərinsə vəziyyətdən istifadə edib bizim partiyaya ziyan vurmaq istədiyi dövrdə bu prosesə qoşuldu. Bizə qarşı qərəzli hərəkət etmiş insanlar bu səhvlərini etiraf etdikdən sonra hansısa əməkdaşlıqdan söhbət gedə bilər. Hələlik isə səhvlərini etiraf etməyənə qədər əməkdaşlıq mümkün deyil"-deyə E.Məmmədov vurğulayıb.

Etibar Məmmədov Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması, həmçinin ABŞ-İran konfliktinə də münasibətini bildirib. O, qeyd edib ki, Azərbaycanda Qarabağla bağlı siyasi partiyaların mövqelərində konseptual fərqlər yoxdur. Çünki hamı bu münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllinin tərəfdarıdır: "Beynəlxalq hüquq normaları da bunu tələb edir ki, dövlətin ərazi bütövlüyü, suverenliyi təmin olunmalıdır. Bunu hökumət də, müxalifət partiyaları da tələb edir. Yalnız problemin həllinin texniki tərəfləri qalır, məsələn, münaqişənin hansı yollarla həll edilməsi, hərbi vasitələrə əl atılıb-atılmaması. Bununla bağlı bəzi fikir ayrılıqları ola bilər".

AMİP lideri bildirib ki, ABŞ-İran məsələsində də Azərbaycan hakimiyyəti düzgün mövqedədir: "Azərbaycan hakimiyyəti bununla bağlı öz mövqeyini bildirib və mənim fikrimcə, bu, düzgün mövqedir ki, ABŞ-İran konflikti sülh yolu ilə həll edilməli və Azərbaycan ərazisindən istifadə olunmamalıdır".

Xəbər lenti

Xəbər lenti