...

Mahmud Əhmədinejad: İran nüvə proqramını sülh məqsədləri üçün həyata keçirir və bütün dövlətlərlə beynəlxalq hüquq əsasında əməkdaşlıq etməyə hazırdır

Siyasət Materials 5 May 2006 19:47 (UTC +04:00)

İran nüvə proqramını sülh məqsədləri üçün həyata keçirir və bütün dövlətlərlə beynəlxalq hüquq əsasında əməkdaşlıq etməyə hazırdır.

Bu barədə, Trend agentliyinin məlumatına əsasən, mayın 5-də Bakıda İran prezidenti Mahmud Əhmədinejad bildirib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar bütün millətlərin hüquqlarını müdafiə etmək məqsədilə yaradılıb. "Belə qurumlar 2-3 dövlətin istəyinə uyğun mövqe tutursa, bu, düzgün deyil" - deyə İran prezidenti vurğulayıb.

"Bu təşkilatlar beynəlxalq hüquqa zidd istiqamətdə işləməməlirdir, əks halda bunların fəaliyyətinə ehtiyac qalmayacaq, dövlətlər isə bu qurumlar üçün ayrılan böyük həcmdə vəsaitə qənaət edəcək" - deyə o əlavə edib.

"Ədalət və əxlaq sülh və sabitliyin zəmanətidir" - deyə İran prezidenti bildirib.

Uranın Rusiya ərazisində zənginləşdirilməsi haqqında Moskvanın irəli sürdüyü təkliflərə gəldikdə isə, M.Əhmədinejad deyib: "Bizim Rusiya ilə münasibətlərimiz çox yaxşıdır və biz bunu inkişaf etdirmək niyyətindəyik. Lakin Tehran nüvə texnologiyalarına sahib olan müxtəlif dövlətlərlə danışıqların aparılmasına tərəfdardır".

"İran sülh tərəfdarıdır. Biz hesab edirik ki, sülh və daimi təhlükəsizlik yalnız əxlaq və ədalət üzərində qurula bilər" - deyə o vurğulayıb. İranın dövlət başçısı qeyd edib ki, Azərbaycanla İran arasında əməkdaşlıq üçün heç bir məhdudiyyət və maneə yoxdur.

İran prezidenti Bakı ilə Tehran arasında nəqliyyat, ticarət və energetika sahəsində böyük potensialın olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti