...

Oqtay Şirəliyev: Son vaxtlar qısa zaman ərzində dövlətin səhiyyə sahəsinə qoyduğu məsrəflər 2 dəfə artıb

Siyasət Materials 8 May 2006 13:09 (UTC +04:00)
Oqtay Şirəliyev: Son vaxtlar qısa zaman ərzində dövlətin səhiyyə sahəsinə qoyduğu məsrəflər 2 dəfə artıb

Azərbaycan Respublikası səhiyyə nazirinin Trend ə eksklüziv müsahibəsi

- Oqtay müəllim, respublika prezidentinin sərəncamına əsasən, Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı çərçivəsində rəhbərlik etdiyiniz nazirlik hansı işləri yerinə yetirmək niyyətindədir? Bu işlərə nə qədər vəsait ayrılacaq və bu vəsait əsasən hansı işlərə sərf olunacaq?

- Azərbaycan Respublikası prezidentinin 27 fevral 2006-cı il tarixli 1338 saylı sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhəri qəsəbələrinin (kəndlərinin) 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı" əsasında 2006-2007-ci illərdə bizim tərəfimizdən ilk olaraq səhiyyə müəssisələrində təmir-tikinti işlərinin aparılmasına başlanılıb. Bununla əlaqədar olaraq 13 səhiyyə obyekti üçün texniki şərtlər, 11 obyekt üzrə layihə-smeta sənədləri hazırlanır, paralel olaraq 3 müəssisədə (Maştağa qəsəbəsində 1 və 7 saylı xəstəxanalar, Mərdəkan qəsəbəsində 2 saylı Ağciyər Iərəm Sanatoriyasında) təmir işləri başlayıb. Eyni zamanda Əzizvəyob rayonunun Şüvəlan qəsəbəsində 31 saylı 25 çarpayılıq Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri 2006-cı ilin 1-ci yarımilliyində və Sabuçu rayonunun Zabrat qəsəbəsində 25 çarpayılıq Birləşmiş Şəhər Xəstəxanasının tamamlanması 3-cü rübə nəzərdə tutulur. Bu proqram üzrə 2006-2007-ci illərə 8312,0 min manat vəsait nəzərdə tutulub, 2006-cı ildə nəzərdə tutulan 4310,0 min manat vəsaitdən 2,1 min manat ayrılıb.
Eyni zamanda bildiyiniz kimi Bakı baş Səhiyyə İdarəsinin ayırdı maliyyə vəsaiti ilə Sabunçudakı 3 saylı şəhər Klinik Xəstəxanasının uşaq və qəbul şöbələrində əsaslı təmir işlərinə başlanılıb.

- Oqtay müəllim, nazirlik tərəfindən hazırlanmış sosial yönümlü xəstələr üçün Dövlət Proqramları üzrə artıq hansı işlərin reallaşmasına başlanılıb?

- Sözün əsl mənasında sosial yönümlü xəstələrlə bağlı problemlər Səhiyyə Nazirliyini narahat edən bir nömrəli məsələdir. Özüm bir neçə dəfə talassemiya və hemofiliyalı xəstələrlə görüşmüşəm. Onların problemlərindən xəbərdaram və mütəmadi olaraq bu xəstələrin vəziyyətinin yaxşılaşdırılması üçün əlimizdən gələni edirik. Bu səbəbdən Səhiyyə Nazirliyinin təşəbbüsü ilə hazırda "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı" və "Hemofiliya və talassemiya irsi qan xəstəliyi üzrə Dövlət Proqramı" hazırlanıb və Nazirlər Kabinetində qəbul olunub. "Xroniki böyrək çatışmazlığı üzrə Dövlət Proqramı", "Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Dövlət Proqramı" və "Onkoloji xəstələrin şiş əleyhinə həyati vacib preparatlarla təminatı üzrə Dövlət Proqramı" layihələri razılaşdırılma mərhələsindədir.
Hemofiliyalı və talassemiyalı xəstələrlə bağlı yeniliyə gəldikdə isə, hemofiliyalı xəstələr üçün bir neçə gün bundan əvvəl "leykositar filtr" (qan köçürüləndən sonra fəsadların əmələ gəlməsinin qarşısını alan filtr) və talassemiyalı xəstələrin orqanizmindən artıq dəmiri xaric edən "desferal" almışıq. Talassemiyalı xəstələr üçün 8-9-cu faktorlar dediyimiz preparatlar (qanı laxtalandıran preparat) isə bu günlərdə alınacaq. Bundan başqa bildiyiniz kimi Heydər Əliyev Fondunun dəstəyi ilə talassemiyalı xəstələr üçün talassemiya mərkəzinin də tikilməsi nəzərdə tutulub. Təbii ki, bu sahədə olan problemlərin həlli bizim üçün çox önəmlidir.

- Oqtay müəllim, dünyanın bir çox ölkələrində tibbi sığorta tədbiq olunur. Bu da əhali üçün, təbii ki, böyük imkanlar yaratmış olur. Azərbaycanda da tibbi sığorta haqqında qanunun tədbiq olunmasına baxmayaraq hələ də əsaslı işlər görülməyib. Bunu nə ilə izah edərdiniz?

- Sizinlə tam razıyam. Mən də tibbi sığortanın Azərbaycanda fəaliyyət göstərməsini çox istərdim. Amma bəzi sahələrdə olduğu kimi bu sahə ilə bağlı qəbul olunmuş qanun, sadəcə, kağız üzərində qalıb. Biz, Səhiyyə Nazirliyi olaraq hazırda bu sahədə də mühüm işlər görürük. Artıq 2 aya yaxındır ki, sığortanın reallaşması üçün lazımi sənədlər hazırlanır, mütəxəssislərlə qurumun formalaşdırılması məsələsi üzərində iş gedir. Lakin bu məsələnin həlli tək Səhiyyə Nazirliyindən asılı deyil. Qeyd olunan layihənin həyata keçirilməsində Maliyyə Nazirliyi, Əhalinin Sosial Müdafiəsi Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyinin birgə səyi olmalıdır. Biz artıq öz tərəfimizdən təkliflər planını hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmişik.

- Oqtay müəllim, bildiyimiz kimi, Dünya Bankı ilə birgə "Səhiyyədə islahatlar" layihəsi həyata keçirilir. Bu layihə əsasən hansı tədbirləri əhatə edir və dəyəri nə qədər olacaq?

- Dünya bankı ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "İslahatlar, Öyrənmə və İnnovasiya layihəsi" aparılırdı. 2005-ci ilin əvvəllərində bu layihə qeyd-şərtsiz olaraq dayandırıldı və sona çatdırılmadi. Nəticədə layihədən qalan 1 milyon dollara yaxın maliyyə vəsaitinin itirilməsi təhlükəsi yarandı. Amma 2005-ci ilin dekabr ayında Səhiyyə Nazirliyi, Maliyyə Nazirli və Nazirlər Kabineti, habelə Dünya Bankının birgə səyləri nəticəsində layihə yenidən davam etdirildi və vasaitin səhiyyəmizin müvafiq sahələrinə şəffaflıqla ayrılması prossesinə başlanıldı. Bundan sonra Dünya Bankının qolu ilə Beynəlxalq İnkişaf Assosiasiyası işlərin sürətlə və səmərəli getdiyini görərək "Səhiyyədə islahatlar" sahəsində yeni layihənin hazırlanması üçün 580 min ABŞ doları məbləğində qrant və 50 milyon ABŞ dolları məbləğindən çox aşağıfaizli kreditin ayrılması təklifini irəli sürüb. Hazırda Nazirlər Kabineti tərəfindən bu təklifə baxılır.

- Aşağı faiz dedikdə nəyi nəzərdə tutursunuz?

- Layihə başa çatdıqdan, yəni xəstəxanalar və ilkin səhiyyə xidməti tibbi müəssisələri tikildikdən 10 il sonra dövlətimiz 0,6-0,7 faizlə krediti 35 il müddətində krediti qaytarmağa başlayacaq. Layihə özündə Azərbaycanın 5 pilot rayonunda 100 çarpayılıq və beynəlxalq standartlara uyğun xəstəxanaların, kəndlər və regionlarda ilkin səhiyyə xidməti müəssisələrinin tikilməsini nəzərdə tutur. Bu, prezidentin regionların iqtisadi inkişafı proqramı ilə səsləşir. Dünya Bankından başqa Azərbaycanımızın səhiyyəsinə ən böyük qayğı dövlət tərəfindəndir. Yalnız son vaxtlar qısa zaman ərzində dövlətin səhiyyə sahəsinə qoyduğu məsrəflər 2 dəfə artıb və bunun daha da artması gözlənilir.
Qeyd edim ki, Dünya bankının bu layihəsi özündə bir sıra komponentləri birləşdirir. Bu komponentlər səhiyyədə yeni siyasətin yaranması, səhiyyə müəssisələrində yeni idarəetmə prinsiplərinin təkmilləşdirilməsi, yoxsul təbəqənin keyfiyyətli tibbi yardım alması və bunun asanlaşdırılması, tibb kadrlarının peşəkarlığının təkmilləşdirilməsi, səhiyyənin maliyyələşdirilıməsi, məcburi sığorta sisteminin yaranması və digər məsələləri özündə birləşdirir.

- Növbəti sualım daim diqqət mərkəzində olan dərman preparatları haqda olacaq. Azərbaycanda sadə dərman preparatları istehsal edən müəssisənin yaradılması planının reallaşması imkanları nə qədər yüksəkdir? Bu istiqamətdə hansı işlər aparılır?

- Bu gün dünyanın bütün inkişaf etmiş ölkələrində dərman vasitələrinin istehsalı ilə sahibkarlar məşğul olur. Azərbaycan Respublikası prezidentinin 10 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı sahəsində əlavə tədbirlər haqqında" fərmanın icrası çərçivəsində respublikada dərman vasitələrinin istehsalı məqsədi ilə yaranan müəssisələrin rəhbərlərinə Səhiyyə Nazirliyi tərəfindən hər cür metodik köməklik göstərilir. Eyni zamanda Səhiyyə Nazirliyi dərman vasitələrinin istehsalı ilə də məşğul olan müəssisələrin tələb olunan standartlara uyğun şərait yaratdıqları təqdirdə onların lisenziyalaşdırılmasına yardımçı olmağa hazırdır.
Yerli istehsalın inkişafı yollarından bəhs etdikdə isə biz inkişaf etmiş ölkələrin əczaçılıq sənayesinə istinad edirik. Bununla əlaqədar olaraq, Səhiyyə Nazirliyi tərəfindən yerli əczaçılıq istehsalının müasir standartlara uyğunlaşdırılması üzərundə iş aparılır. Müasir standartların tələblərinə əməl etmək - dərman vasitələrinin keyfiyyətinə zamanət deməkdir. Eyni zamanda dərman vasitələrinin keyfiyyəti, effektivliyi və təhlükəsizliyi üçün klinik sınaq bazaları yaradılır. Azərbaycanın əczaçılq sənayesinə xarici istehsalçılar tərəfindən investisiyalar qoyulması daim dəstəklənir. Bu isə, təbii ki, öz növbəsində yerli istehsalın inkişafına, həm də dərman vasitələrinin qiymətlərinin aşağı düşməsinə gətirib çıxarır. Həmçinin ölkə daxilində istehsal olunan dərman vasitələri üçün qeydiyyat prosedurlarının ödənişində də güzəştlər nəzərdə tutulub ki, bu da birdaşa Respublikada sahibkarlığın inkişafına kömək məqsədi daşıyır.

- Cənab nazir, müsahibəyə görə sizə minnətdarlıq edir, işlərinizdə uğurlar arzulayırıq.

- Mən də öz növbəmdə səhiyyə sahəsinə daim göstərdiyiniz qayğıya görə sizin agentliyə öz təşəkkürümü bildirirəm. Xalqımıza isə daim sağlam olmağı arzu edirəm.

Xəbər lenti

Xəbər lenti