...

300-dən artıq dilənçi paytaxt küçələrindən yığışdırılıb

Siyasət Materials 10 May 2006 12:32 (UTC +04:00)

Aprelin 20-dən mayın 9-dək Bakının küçələrindən 300-dən artıq dilənçi yığışdırılıb. Bu barədə Trend ə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Şamil Seyidli məlumat verib.

İdarə rəisinin sözlərinə görə, əməkdaşlar tərəfindən paytaxtın əsasən Nəsimi və Binəqədi rayonları ərazisində reydlər keçirilib. "Aydınlaşdırdıq ki, dilənçilər əsasən Biləcəri və "Kubinka" deyilən ərazilərdə məskunlaşıblar. Onu da müəyyən etdik ki, qaraçılardan ibarət dilənçilər əsasən Ağdaş və Yevlax rayonundakı kəndlərdən paytaxta axışırlar. Reydlər nəticə verdi və mayın 9-na qədər artıq 300-dən artıq dilənçini müəyyənləşdirərək qeydiyyatda olduğu ünvana göndərmişik" - deyə Ş.Seyidli bildirib.

Ş.Seyidli onu da qeyd edib ki, dilənçilərin öz yaşayış yerlərinə göndərilməsi prosesi polisin nəzarəti altında həyata keçirilir. Həmin şəxslər yaşadıqları əraziyə aparıldıqdan sonra həmin əraziyə nəzarət edən polis şöbəsinə bu barədə məlumat verilir və onların paytaxta qayıtmaması üçün üzərlərindəki nəzarət şöbə əməkdaşlarına həvalə olunur.

"Anoloji reydlər bir müddət əvvəl Nərimanov rayonu ərazisində keçirilmişdi və hazırda həmin ərazidə bir dilənçi də gözə dəymir. Əgər bir müddət əvvəl dilənçi əlindən "Yaşıl bazar"ın qarşısından keçmək qeyri-mümkün idisə, hazırda həmin yol dilənçilərdən azad edilib və əhali də sərbəst hərəkət edə bilir" - deyə Ş.Seyidli vurğulayıb.

İdarə rəisi onu da bildirib ki, dilənçilərin küçələrdə tüğyan etməsi yerli əhali ilə yanaşı paytaxta gələn xarici qonaqların da narazılığına səbəb olur və paytaxtın imicinə xələl gətirir.

Xəbər lenti

Xəbər lenti