...

Yevgeniy Slobada: "Seçki prosesində görülən tədbirlər ölkənin Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə aparılır"

Siyasət Materials 10 May 2006 19:11 (UTC +04:00)

13 mayda keçiriləcək təkrar parlament seçkilərini izləmək üçün Bakıda fəaliyyət göstərən MDB Müşahidə Missiyasının nümayəndələri mayın 10-da 9 saylı Binəqədi ikinci seçki dairəsində olublar. Bu barədə Trend ə müşahidə missiyasının qərargah rəhbəri Yevgeniy Slobada məlumat verib. O, bildirib ki, müşahidəçilər dairə seçki komissiyanın fəaliyyəti, seçkiyə hazırlıq işləri ilə maraqlanıblar.

Y.Slobada qeyd edib ki, MBD müşahidəçiləri təkrar seçkilərin keçirildiyi hər bir seçki dairəsində müşahidə aparacaqlar. Məntəqələrin seçilməsinə gəldikdə isə o, qeyd edib ki, bunu missiyanın rəhbərliyi müəyyən etmir. Seçki məntəqələrini müşahidəçilər özləri seçirlər və gedib orada müşahidə aparırlar.

Qeyd edək ki, MDB Müşahidə Missiyasına 6 ölkədən 29 nəfər müşahidəçi daxildir. Missiyanın tərkibində üç nəfər uzunmüddətli müşahidəçi var. Y.Slobada bildirib ki, MDB müşahidə missiyası öz işini mayın 14-də başa vuracaq: "Biz həmin gün mətbuat konfransı keçirərək missiyanın apardığı müşahidələrin nəticələrini açıqlayacağıq. Bununla da MDB müşahidə missiyasının təkrar seçkilərlə bağlı fəaliyyəti başa çatacaq. Seçkinin nəticələrinə dair öz müşahidələrimiz əsasında bəyanat hazırlanacağıq. Mətbuat konfransında bəyanat açıqlanacaq".

Seçkiqabağı vəziyyətin qiymətləndirilməsinə gəldikdə, missiyanın qərargah rəhbəri bildirib ki, seçkiöncəsi vəziyyət sabit keçir. Onun sözlərinə görə, seçki prosesində görülən tədbirlər ölkənin mövcud Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə aparılır. Y.Slobada missiya nümayəndələrinin müşahidə dövründə seçki prosesinə mənfi təsir göstərə biləcək ciddi pozuntuları müşahidə etmədiklərini deyib. Onun sözlərinə görə, yalnız xırda texniki pozuntulara rast gəliblər. Ümumilikdə isə seçkiyə hazırlıq işlərini, görülən tədbirləri və seçkiqabağı vəziyyəti normal qiymətləndirirlər.

Xəbər lenti

Xəbər lenti