...

Koreya prezidenti: Bizim Azərbaycan tərəfə təkliflərimiz var

Siyasət Materials 11 May 2006 11:56 (UTC +04:00)
Koreya prezidenti: Bizim Azərbaycan tərəfə təkliflərimiz var

Mayın 11-də Prezident aparatında Azərbaycan və Koreya prezidentləri İlham Əliyev və Ro-Mu-Hyunun rəhbərliyi ilə hökumət üzvlərindən ibarət geniş tərkibdə danışıqlar aparılıb.

Trend in xəbər verdiyi kimi, Koreya prezidentinin sözlərinə görə, Azərbaycana səfərinin əsas aspekti bu səfərin ilk dəfə həyata keçirilməsindən ibarətdir.

Koreya nümayəndə heyətinin tərkibində Bakıya bu ölkə şirkətlərinin çoxlu sayda nümayəndəsi gəlib.

"Bizim Azərbaycana təkliflərimiz var. Biz hesab edirik ki, böyük ümidlərimiz özünü doğruldacaq", - deyə Ro Mu-Hyun bəyan edib.

Onun sözlərinə görə, səfər çərçivəsində iqtisadi, siyasi, mədəni, o cümlədən hər iki ölkəni birləşdirən bütün sahələrdə ikitərəfli əlaqələri müzakirə etmək imkanı yaranacaq.

İlham Əliyev bəyan edib ki, Azərbaycan və Koreya arasında ikitərəfli əlaqələrin inkişafı üçün böyük iqtisadi potensial mövcuddur. "Bu səfər əlaqələrin daha da inkişafına şərait yaradacaq. Mən əminəm ki, bütün sahələrdə Koreya ilə əlaqələrimiz daha sürətlə genişlənəcək", - deyə Azərbaycan prezidenti bəyan edib.

Ro Mu-Hyun İlham Əliyevi və Azərbaycan hökuməti üzvlərini Koreyaya səfərə dəvət edib.

Xatırladaq ki, Koreya prezidentinin Azərbaycana rəsmi səfəri mayın 10-da başlayıb. Proqrama əsasən, ikitərəfli sənədlərin imzalanması mərasimi və dövlət başçılarının brifinqi keçiriləcək. Koreya prezidenti hər iki ölkənin işgüzar dairələrini nümayəndələri ilə işgüzar naharda da iştirak etmək niyyətindədir. Daha sonra o, Səngəçal neft terminalına baş çəkəcək və terminalın fəaliyyəti ilə tanış olacaq.

Axşam Ro Mu-Hyun ölkə prezidenti adından rəsmi qəbulda iştirak edəcək. Mayın 13-də Koreya prezidenti Milli Məclisin spikeri Oqtay Əsədovla görüşmək niyyətindədir.

Koreya prezidenti Bakıdan Birləşmiş Ərəb Əmirliklərinə yola düşəcək.

Xəbər lenti

Xəbər lenti