Mayın 13-də Bakının Binəqədi və Suraxanı rayonu ərazilərindəki bəzi məntəqələrdə keçiriləcək təkrar parlament seçkisi ilə əlaqədar asayişin qorunması üçün polis əməkdaşları tam təlimatlandırılıblar. Bu barədə Trend ə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev məlumat verib.
"Polis əməkdaşları həmin ərazilərdə keçiriləcək seçki zamanı baş verə biləcək hər hansı qarşıdurmanın, asayiş pozuntusunun qarşısını almağa tam hazırdır. Seçki məntəqələri yaxınlığında polis postları qurulub".
Rəis müavininin sözlərinə görə, Suraxanı rayonu ərazisində 27, Binəqədi rayonu ərazisində isə 30 məntəqə yaradılıb. Məntəqələr əsasən orta məktəb binalarında yerləşir.
Seçki günü müəyyən ərazilərdə polisin xüsusilə gücləndirilmiş iş rejimində çalışması müəyyən qüvvələr tərəfindən törədilə biləcək hər hansı təxribatın istisna edilməməsi ilə bağlıdır.
Qeyd edək ki, digər 8 seçki dairəsi üzrə ümumilikdə 279 məntəqə isə Sumqayıt şəhərinin, o cümlədən ölkənin başqa rayonlarının ərazisinə düşür.