...

Azərbaycan və Koreya energetika sahəsində əməkdaşlığın inkişafında maraqlıdır

Siyasət Materials 11 May 2006 16:31 (UTC +04:00)

Azərbaycan və Koreya prezidentləri energetika sahəsində əməkdaşlığın reallığını, xüsusilə rəsmi Seulun Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələrində maraqlı olmasını, koreyalı iş adamlarının Azərbaycan ərazisində müxtəlif layihələrdə fəal iştirak etmək arzusunu vurğulayır. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 11-də jurnalistlərə Azərbaycan prezidentinin icra aparatının mətbuat xidmətinin rəhbəri Azər Qasımov hər iki ölkə başçılarının qapalı görüşünün əsas məqamlarından sitat gətirərək bildirib.

Onun sözlərinə görə, prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan özü sərmayə qoymaq imkanına malik ölkəyə çevrilib. Həmçinin, Azərbaycan-Koreya arasındakı qarşılıqlı əlaqələrin istifadə olunmamış potensialından yararlanmaq zərurəti, o cümlədən hər iki ölkənin iqtisadi inkişaf yollarının oxşarlığı qeyd olunub. "Azərbaycan kimi Koreya Respublikası da iqtisadi böhran keçirib", - deyə dövlət başçıları bildirib.

"Azərbaycan Koreya təcrübəsinin tətbiqində, o cümlədən birbaşa sərmayə qoyuluşundan daha çox kadr potensialında maraqlıdır. Bu o demək deyil ki, rəsmi Bakı Koreya sərmayəsindən imtina edir. Prezident İlham Əliyev yalnız vurğulayıb ki, Koreya böyük təcrübəyə malikdir və bu təcrübədən yararlanmaq lazımdır", - deyə A.Qasımov qeyd edib.

Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Koreyanın mövqeyini yüksək qiymətləndirib. Bu, hər iki prezidentin birgə bəyannaməsində öz əksini tapıb. Həmçinin, Azərbaycanda Koreya səfirliyinin açılmasına dair qərar da yüksək qiymətləndirilib.

Koreya prezidenti qeyd edib ki, rəsmi Seul Azərbaycanda yüksək texnologiyaların istifadəsinə hazırdır. O, xüsusilə bu texnologiyaların tətbiq sahələrini (aviasiya, kimya sənayesi, maşınqayırma, limanların tikintisi və s.) sadalayıb.

"Azərbaycan Prezidenti qeyd edib ki, hər iki dövlətin iqtisadi əlaqələrində yaxşı balans əldə etmək olar. Qlobal enerji layihələri, Azərbaycanda gerçəkləşdirilən layihələr və enerji ehtiyatları İT texnologiyaları və Cənubi Koreya təcrübəsi ilə balanslaşdırıla bilər", - deyə mətbuat xidmətinin rəhbəri sonda bildirib.

Xəbər lenti

Xəbər lenti