...

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının sədr müavinləri seçilib

Siyasət Materials 12 May 2006 11:22 (UTC +04:00)

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının sədr müavinləri seçilib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 8 fevral 2006-cı il tarixli Sərəncamına uyğun olaraq 16 mart 2006-cı il tarixdə Bakıda Dünya Azərbaycanlılarının II Qurultayı keçirildi. Qurultayda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İdarə Heyəti sədrinin müavinlərinin seçilməsini İdarə Heyətinə həvalə etmişdi.

Qurultayın tövsiyyələrinə uyğun olaraq, İdarə Heyətinin üzvlərinin yekdil rəyi əsasında Tomris Azəri (Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri), Məmmədbağır Əliyev (Ümumrusiya Azərbaycan Konqresinin Prezidenti), Yücel Artantaş (Türkiyə Böyük Millət Məclisinin deputatı) və Başar Kömür (Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü) Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İdarə Heyəti sədrinin müavinləri vəzifələrinə seçiliblər. Bu qərarın qəbulu zamanı Azərbaycan diasporunun məskunlaşma coğrafiyası və seçilmiş şəxslərin xaricdə yaşayan azərbaycanlılar arasında nüfuzu, onların fərdi bacarıq və keyfiyyətləri, Azərbaycan dövlətçiliyinə bağlılığı kimi mühüm amillər nəzərə alınıb.

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının fəaliyyətinin operativliyini təmin etmək, üzvlər arasında işgüzar əlaqələri inkişaf etdirmək məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin inzibati binasında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İdarə Heyətinin aparatı üçün ofis ayrılıb.

Xəbər lenti

Xəbər lenti