...

MSK-nın "qaynar xətt"inə seçki pozuntularına dair şikayətlər daxil olur

Siyasət Materials 13 May 2006 15:05 (UTC +04:00)

Təkrar parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılmış operativ "qaynar xətt"ə daxil olan şikayətlərdən biri araşdırılaraq təsdiqini tapıb. Bu barədə Trend ə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

O, bildirib ki, ciddi qanun pozuntularına dair şikayətlərdən biri "qaynar xətt"ə 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizəd Elşad Musayev tərəfindən daxil olub. E.Musayev həmin dairədən başqa bir namizədin - Rəfail Cəbrayılovun xeyrinə seçicilərə pul paylandığını bildirib. Bu şikayət barədə dərhal dairə seçki komissiyasına məlumat verilib. DSK bu məsələni araşdırıb və fakt təsdqini tapıb. DSK faktla bağlı Binəqədi rayon Polis İdarəsinə məlumat verib.

Başqa bir şikayət 110 saylı Zaqatala seçki dairəsindən bu rayonun Əliadab və Mosul kəndlərinin sakinləri tərəfindən verilib. Kənd sakinləri bu dairədən namizəd Arif Hacılının xeyrinə təbliğat aparıldığını iddia ediblər. Azər Sarıyevin sözlərinə görə, bu şikayətin araşdırılması davam etdirilir və hələ ki, fakt təsdiqini tapmayıb. 110 saylı Zaqatala seçki dairəsinin bəzi məntəqələrində seçki prosesinə müdaxilələr barədə də şikayətlər gəlib.

MSK nümayəndəsinin sözlərinə görə, "qaynar xətt"ə daxil olan digər zənglər isə vətəndaşlara hüquqi yardım xarakterlidir. Vətəndaşlar səsverməyə hansı vəsiqələrlə getməsini, seçki məntəqəsinin hansı ünvanda yerləşməsini və başqa bu kimi məsələlər barədə soruşurlar.

Xəbər lenti

Xəbər lenti