...

MSK-nın və "Seçkilər" İnformasiya Mərkəzinin "qaynar xətt"inə daxil olan şikayətlərə komissiyanın iclasında baxılacaq

Siyasət Materials 13 May 2006 19:32 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılmış "qaynar xətt"ə qanun pozuntusuna dair 4 şikayət daxil olub. Bu barədə Trend ə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

O bildirib ki, ciddi qanun pozuntularına dair şikayətlərdən biri "qaynar xətt"ə 119 saylı Ağdam seçki dairəsindən daxil olub. Bu dairənin 36 və 37 saylı məntəqələrdə seçkinin təşkilindən narazılıq edilib. 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd İlham Hüseynin barəsində şikayət də daxil olub. Bildirilib ki, bu şəxs bir neçə nəfərlə 15 saylı məntəqəyə daxil olub, onun adamları 27 ədəd ağ bülleteni götürüb və məntəqədən çıxıblar. Bir neçə dəqiqədən sonra həmin bülletenlərin surətini çıxararaq gətirib dairə seçki komissiyasına veriblər. Bu barədə "qaynar xəttə" məlumat verilib və baş verən hadisə DSK tərəfindən aktlaşdırılıb. 42 saylı Sumqayıt ikinci dairəsindən 1 saylı məntəqədə Mirmahmud Fəttayevin məşvərətçi səs hüquqlü nümayəndəsinin qalmaqal yaratması barədə məlumat daxil olub. Məntəqədə müşahidəçilər, komissiya üzvləri onun barəsində akt tərtib edib MSK-ya göndəriblər. Lakin məşvərətçi səs hüquqlu üzvün fəaliyyətini davam etdirməsinə şərait yaradılıb.

Qeyd edək ki, bundan əvvəl MSK-nın "qaynar xətt"inə 9 saylı Binəqədi ikinci və 110 saylı Zaqatala seçki dairələrindən də şikayət daxil olmuşdu.

MSK-nın "Seçkilər" İnformasiya Mərkəzində yaradılmış elektron "qaynar xətt"ə də təkrar parlament seçkiləri ilə bağlı saat 17.00-dək 10 şikayət daxil olub. Bu barədə məlumat verən "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev bildirib ki, "qaynar xətt"ə daxil olan şikayətlər araşdırılır. İ.Babayevin sözlərinə görə, şikayətlərə MSK-nın iclasında baxılacaq, müvafiq qərarlar çıxarılacaq. O, əlavə edib ki, elektron vasitələrdən başqa telefon vasitəsilə də "qaynar xətt"ə müraciətlər daxil olur.

Xəbər lenti

Xəbər lenti