...

Təkrar seçkiləri müşahidə edən xarici müşahidəçilər prosesin ədalətli və şəffaf keçdiyini bildiriblər

Siyasət Materials 14 May 2006 12:32 (UTC +04:00)
Təkrar seçkiləri müşahidə edən xarici müşahidəçilər prosesin ədalətli və şəffaf keçdiyini bildiriblər

Mayın 14-də İsveç, Latviya və Almaniyadan olan müşahidəçilər təkrar parlament seçkilərində apardıqları müşahidənin yekunlarına dair mətbuat konfransı keçirib. Trend xəbər verir ki, təxminən 15 xarici müşahidəçi mayın 13-də Azərbaycanda parlamentə keçirilən təkrar seçkiləri müxtəlif seçki dairələrində izləyiblər.

Estoniya parlamentinin deputatı Arnold Kimber bildirib ki, Azərbaycanda olan xarici müşahidəçilər hər dəfə seçki prosesində yaxşılığa doğru irəliləyişlərin olduğunu müşahidə edirlər. Onun sözlərinə görə, əvvəlki seçkilərlə müqayisədə xeyli canlanma var. A.Kimber 17 seçki məntəqəsində müşahidə apardıqlarını bildirb. A.Kimberin sözlərinə görə, başqa ölkələrdə aparılan seçkilərlə Azərbaycan arasında fərqlər var: "Məsələn, Belarusda bütün seçki məntəqələrində polislər, tibbi yardım və yanğınsöndürmə xidmətləri olur. Azərbaycanda isə polislər seçki məntəqələrindən ən azı 100 metr kənarda dayanırlar".

Almaniyanın Saksoniya Anhald əyalətinin keçmiş baş naziri və Avropa Parlamentinin keçmiş deputatı Verner Münh bildirib ki, 9 saylı seçki dairəsinin bir neçə məntəqəsində müşahidə aparıb. DSK sədri, müşahidəçilər, həmçinin "exit-pol" keçirənlərlə görüşüb, seçki bülletenləri ilə tanış olub. V.Münhün sözlərinə görə, seçki məntəqələrində heç bir mənfi halla rastlaşmayıb. Həmçinin digər müşahidəçilərdən də hər hansı bir problemlə bağlı fikir eşitməyib. Lakin müşahidəçi bu seçkidə seçicilərin fəallığının az olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu problem bütün Qərbi Avropa ölkələrində də mövcuddur: "Biz bu seçkidə kifayət qədər uğurlar müşahidə etdik. Hesab edirik ki, Azərbaycan düzgün yolla addımlayır. Təkrar parlament seçkisindən sonra biz artıq bu qənaətə gəlmişik ki, Azərbaycan demokratik inkişaf yolundadır".

Latviya Mərkəzi Seçki Komissiyasının üzvü xanım Sproj Sniedze Azərbaycanla bağlı təəssüratlarını bölüşərkən ölkəmizin inkişafını və müşahidə etdiyi seçki prosesini bəyəndiyini dilə gətirib. O, da həmçinin seçki prosesində hər hansı bir ciddi qanun pozuntusuna rast gəlmədiyini və prosesin normal keçdiyini vurğulayıb.

İsveçdən olan müşahidəçi Jan Piter Kimber bildirib ki, bu seçki prosesi çox yaxşı təşkil olunub. Hətta, onun sözlərinə görə, İsveçlə müqayisədə Azərbaycandakı seçki prosesi daha yaxşı təşkil olunub.

Xəbər lenti

Xəbər lenti