...

Aydın Mirzəzadə: "Fransa türk dünyası ilə soyuq münasibətlər atmosferı yaratdı"

Siyasət Materials 15 May 2006 13:50 (UTC +04:00)

Fransa qondarma erməni soyqırımı məsələsini başqa formada gündəmə gətirməklə türk dünyası ilə münasibətlərinə daha da soyuqluq gətirir. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, politoloq Aydın Mirzəzadə bildirib.

Qeyd edək ki, Fransa senatı mayın 18-də qondarma erməni soyqrımını tanımayan vətəndaşına bir illik həbs cazasının tətbiq edilməsi məsələsini müzakirəyə çıxaracaq.

Millət vəkili qeyd edib ki, iki il bundan öncə qondarma erməni soyqrımını tanıyan Fransa dövləti özünü çıxılmaz vəziyyətə salıb: "Fransa türk dünyası ilə soyuq münasibətlər atmosferı yaratdı. Türkiyənin timsalında özünün beynəlxalq aləmdə müttəfiqini, ticarət tərəfdaşını itirdi. Fransada 500 min erməninin yaşaması böyük bir hadisə deyildi ki, Türkiyə ilə münasibətlərini kəsdi".

A.Mirzəzadə onu da bildirib ki, bu azmış kimi Fransada fəaliyyət göstərən erməni lobbisi qondarma erməni soyqrımını tanımayan Fransa vətəndaşına bir illik həbs cəzasının tətbiq edilməsinə cəhd göstərib: "Bu onsuz da soyuq olan Fransa-Türkiyə münasibətlərinə yeni bir təsir göstərdi". Millət vəkili vurğulayıb ki, onda olan məlumatlara görə, erməni soyqırımını tanımayan Fransa vətəndaşına cəzanın tətbiq edilməsi məsələsi senatın müvafiq komissiyasında pis qarşılanıb: "Parlament praktikasında bir qayda olaraq komissiyada qəbul edilən qərar vacib sayılır. Parlament ümumi səsvermədə bir çox hallarda komissiyanın rəyini əsas götürür. Ümid edirəm ki, bu dəfə də belə olacaq, senat ikinci dəfə səhv etməyəcək".

Politoloq onu da bildirib ki, Türkiyə dövləti Fransadakı səfirini geri çağırmaqla rəsmi Parisə mesaj göndərdi. Fransa senatının qondarma erməni soyqırımı ilə bağlı məlum məsələnin senatda müzakirəsinə Azərbaycan parlamentinin də etiraz etdiyini deyən A.Mirzəzadə bildirib: "Bununla bağlı iki il bundan öncə parlamentdə müzakirə keçirdik. Fransa parlamentinə və senatına müvafiq müraciətlər ünvanladıq". Millət vəkili onu da vurğulayıb ki, əgər senat yenidən bu məsələ ilə bağlı ermənilərin maraqlarını müdafiə edən sənəd qəbul edərsə, Azərbaycan növbəti etirazını bildirəcək.

Xəbər lenti

Xəbər lenti