...

Mixay Rezvan Unquryanu: Biz ilin sonuna kimi Rumıniya prezidentinin Azərbaycana rəsmi səfərini planlaşdırırıq

Siyasət Materials 15 May 2006 16:48 (UTC +04:00)
Mixay Rezvan Unquryanu: Biz ilin sonuna kimi Rumıniya prezidentinin Azərbaycana rəsmi səfərini planlaşdırırıq

Trend in Avropa Şurası Nazirlər Komitəsinin sədri, Rumıniyanın xarici işlər naziri ilə eksklüziv müsahibəsi

- Siz Azərbaycanla Rumınyia arasında ikitərəfli münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz? Rumınyia hansı istiqamətlərdə Azərbaycanla əlaqələri dərinləşdirmək istərdi?

- Əvvəla, Azərbaycan-Rumıniya münasibəçtlərindən danışarkən qeyd etmək vacibdir ki, bizim ölkəmiz Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. Bu reallıq lap əvvəldən ölkələrimiz arasında məhsuldar münasibətlər üçün ilkin şərait yaratdı. Xarici əməkdaşlığımızın yüksək səviyyədə olduğunu hesab edirəm və müntəzəm ikitərəfli səfərlər bunun sübutudur.

Azərbaycan prezidenti İlham Əliyevin 2004-cü ilin oktyabrında Buxarestdə səfərindən sonra biz bu ilin sonunda Rumıniya prezidentinin Bakıya səfərini planlaşdırırıq. Rumıniyanın müdafiə nazirinin martın sonlarında Bakıya səfəri və Azərbaycanın energetika nazirinin Rumıniyaya səfəri də, həmçinin, bizim ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməsinə misaldır.

Rumıniya və Azərbaycan BMT, QİƏT və Avropa Şurası kimi regional və beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. İkitərəfli əməkdaşlıq üçün hüquqi çərçivələr kifayət qədər genişdir və ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha çox inkişafında tələbatı təmin edir.

İkincisi, mən qeyd etmək istəyirəm ki, bir sıra sahələrdə, xüsusilə də iqtisadiyyat sahəsini göstərmək istərdim, bizim ümidlərimiz özünü doğrultmur. Mən ölkələrimiz arasında iqtisadi münasibətlərin möhkəm əsasda qurulmalı və Azərbaycan neftinin idxalı ilə bağlı yüz faizlik tərəddüdlərin aradan qaldırılmalı olduğuna tam əminəm. Energetika sektoru ilə yanaşı, biz əməkdaşlığımızı kənd təsərrüfatı və yeyinti sənayesi, inşaat və nəqliyyat sahəsində də genişləndirməliyik.

Əminəm ki, bu ilin yazında keçirilən Azərbaycan-Rumıniya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının ikinci iclası əməkdaşlıq üçün yeni imkanları müəyyən edəcək. Elə 2006-cı ilin mayında da Azərbaycanın iqtisadi missiyasının Rumıniyaya səfəri təşkil olunacaq.

- Sizin Cənubi Qafqaz regionuna, eləcə də Bakıya səfərinizin gedişində hansı məsələlər diqqət mərkəzində olacaq?

- Cənubi Qafqaz regionu geostrateji mövqeyi planında Avropa üçün Şərq-Qərb energetika dəhlizində, həm də Avrasiya nəqliyyat dəhlizində əlaqələndirici həlqə kimi böyük maraq kəsb edir. Təəssüf ki, Azərbaycanın iqtisadi inkişafına və ümumilikdə, regional əməkdaşlığa dondurulmuş münaqişə mane olur.

Gündəlikdə energetika təhlükəsizliyi, demokratikləşmə prosesləri, dondurulmuş münaqişələrin problemləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq, eləcə də AB, NATO və Azərbaycan Respublikası ilə son vaxtlar münasibətlərin inkişafı kimi müxtəlif məsələlər olacaq.

Bakıya səfərim zamanı mən həm də ölkələrmiz arasında əlaqələrin möhkəmlənməsi üçün yeni yolların axtarışı məqsədilə Azərbaycan-Rumıniya münasibətlərini və gələcək fəaliyyətlərimizin müəyyən edilməsini müzakirə etməyi planlaşdırıram.

Göründüyü kimi, danışıqlar zamanı müzakirə olunacaq məsələlərin dairəsi çox genişdir. Buna səbəb regionun, xüsusilə də Azərbaycan Respublikasının Avropa üçün böyük əhəmiyyət kəsb etməsidir.

- Rumıniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirmi? Dağlıq Qarabağ münaqişəsinin həll olunması perspektivləri Sizə necə görünür?

- Rumıniya həmişə Dağlıq Qarabağ probleminin danışıqlar əsasında həllini dəstəkləyib. Bu məsələnin siyasi həlli yalnız beynəlxalq hüquq prinsipləri əsasında mümkündür.

Biz ATƏT çərçivəsində, Minsk Qrupu həmsədrlərinin dəstəiy ilə keçirilən danışıqlar prosesini böyük maraqla izləyirik. Eyni zamanda, biz bu yaxınlarda demarkasiya xətti üzrə məsələnin müzakirəsində baş vermiş insidentlə və xüsusilə də, bu ilin fevralında iki ölkənin prezidentləri arasında Rambuyedə danışıqların baş tutmamasından narahatıq.

Xoşbəxtlikdən, son zamanlar hər iki tərəfin razılaşa biləcəyi və bu uzanan münaqişəni həll edə biləcək yeni təkliflər müzakirə olunur. Şəxsən mən Cənubi Qafqaz regionunda davamlı iqtisadi inkişaf və sabitliyin maraqları baxımından bu münaqişənin tezliklə həll olunacağına ümid edirəm. Münaqişənin siyasi həllinin müəyyən olunmasından və qəbul edilməsindən sonra Rumıniya AB ölkələri ilə birlikdə münaqişə zonasının reabilitasiyasında, xüsusilə də, onun iqtisadi bərpasında iştirak edəcək.

Hesab edirəm ki, ictimai fikri yaxşı məlumatlandırmaqla, bu münaqişənin düzgün və uzunmüddətli həllinə nail olmaq olar.

- Rəsmi Buxarest Azərbaycan neftinin Odessa-Brodı marşrutu üzrə ixracında maraqlıdırmı? Xəzər neftini Ceyhan limanından almaq ehtimal olunurmu?

- Bu il Şərqi Avropadakı hadisələr energetika sahəsində milli təhlükəsizliyin təminatı məqsədilə müxtəlif mənbələrin axtarışının vacibliyini göstərdi. Rumıniya neft və qaz idxal edən ölkə kimi ölkədə neft və təbii qazın istehsalını artırmaq məqsədilə paralel olaraq xammal mənbələri axtarışında və ölkənin enerji resurslarının tranzitinə çevrilməsində maraqlıdır.

Bu münasibətlərdə Rumıniya Azərbaycana əhəmiyyətli karbohidrogen ehtiyatları olan ölkə və tranzit yollarının potensial tərəfdaşı kimi baxır. Bu seçim Azərbaycanla Rumıniya arasında ikitərəfli münasibətlərin səmərəliliyini müəyyən edir.

Biz Odessa-Brodı boru kəmərinə Mərkəzi Avropaya enerji ehtiyatlarının çatdırılması üçün mühüm marşrut kimi baxırıq. Ceyhan limanına gəldikdə isə, bu mühümlük Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı zamanı qeyd olunub. Ona görə də Rumıniya bu mühüm energetika mərkəzinə energetika təhlükəsizliyi sahəsində öz strategiyasını müəyyən etmək üçün xüsusi diqqət ayırır.

Bizim bu sahədə öz layihələrimiz də var. Nabucco və Pan European Oil Pipeline (Constanta - Trieste) qaz kəməri bizim energetika təhlükəsizliyinin artırılmasına töhvə verə biləcək əsaslandırılmış qiymət üzrə səmərəli alternativ qərarı təmsil edir. Rumıniya hazırda müzakirələr səviyyəsində olan və Xəzər neftinin Qərbi Avropaya birbaşa ixrac yolu olan REOR layihəsinə xüsusi diqqət verir. Bu boru kəməri Rumıniyanın Qara dənizdəki Konstansa limanını Serbiya və Sloveniyadan keçməklə Triyest (İtaliya) limanına birləşdirəcək.

Nabucco qaz kəmərinə gəldikdə isə o, uzaq perspektivdə Mərkəzi və Şərqi Avropaya Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyadan qaz satışının asanlaşdırılması yolu ilə Avropa qaz idxalı mənbələrinin diversifikasiyasına töhfə ola bilər. Bu boru kəməri ilə mühüm alternativ qaz tədarükü Xəzər qazı ola bilər.

Ona görə də biz hesab edirik ki, Azərbaycan bu layihələrin reallaşdırılmasında mühüm rol oynaya bilər.

- Avropa Birliyinin gələcək üzvü kimi Rumıniya bu strukturla Bakı arasında əlaqələrin inkişafına hansı töhfəni verə bilər?

- Rumıniyanın AB-yə inteqrasiyası prosesinin sonuncu mərhələsi Cənubi Qafqaz ölkələrinin 2004-cü ildə qoşulduğu Avropa Mehriban Qonşuluq Siyasətinin həyata keçirilməsinin sürətlənməsi ilə bir vaxta təsadüf edir. Azərbaycanın da AB-nin Mehriban Qonşuluq Siyasəti Fəaliyyət Planına qəbul edilməsi institusional əməkdaşlıq imkanları yaradır və daxili və iqtisadi siyasətdəki islahatlar prosesində prioritetlərin müəyyən olunmasında üstünlüyə malikdir.

Bu Plan AB-dəki yeni üzvlərin (Rumıniya da daxil olmaqla) təcrübələrinin Azərbaycana verilməsini asanlaşdırır. AB ilə ayrıca münasibətləri inkişaf etdirməklə Azərbaycan həm də Rumıniya ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün imkanlara malikdir.

Əlbəttə ki, Rumıniya AB-yə daxilolma prosesində uzun və mürəkkəb yol keçib. Onun məqsədi təkcə Avropa ölkələri klubuna daxil olmaq deyil, ən başlıcası, xüsusilə də iqtisadi sahədə Avropa fəaliyyət standartlarını qəbul etmək olub. Bizim səhvlərimiz də olub, bəzən biz, ola bilsin ki, tələb olunduğundan daha çox enerji sərf etmişik.

Avropa inteqrasiyası siyasi iradə, milli razılıq, ictimai fikrin dəstəyi və ölkənin bütün maddi və mənəvi ehtiyatlarından istifadə tələb edir. Bununla belə, bizdə faydalı təcrübə toplanıb. Və bu, bizim azərbaycanlı dostlarımızla bölüşə biləcəyimiz və onun vasitəsilə AB ilə Azərbaycan arasında dialoqun yaxşılaşmasına kömək edəcəyimiz təcrübədir.

Xəbər lenti

Xəbər lenti